“Türk Söhbəti”nin buhəftəki qonağı Türk Xarici Siyasət Araşdırmaları Mərkəzinin (TUDPAM) sədri Hüseyin Yeltindir.
Onunla dünyanın siyasi və hərbi gündəmində olan bir çox məsələni müzakirə etdik. Danışdığımız mövzular Səudiyyə Ərəbistanı ilə husilər arasındakı toqquşmalar, ehtimal olunan Putin-Zelenski və Tramp-Putin-Si Cinpinq zirvələri, habelə Rusiyanın hansısa NATO ölkəsinə hücum etməyə hazırlaşdığına dair iddialar oldu:
- Hüseyin bəy, husilərlə Səudiyyə Ərəbistanı arasındakı münaqişənin nə qədər davam edəcəyi proqnozlaşdırılır?

- Yəmən məsələsinin ən mühüm xüsusiyyəti onun iki dövlət arasında konvensional müharibə olmamasıdır. Bir tərəfdə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti, digər tərəfdə isə İranla yaxın əlaqələri olan husilər var. Bu səbəbdən münaqişənin gələcəyini yalnız Ər-Riyad ilə husilər arasındakı hərbi imkanlar müəyyən etmir; İran-Səudiyyə Ərəbistanı rəqabəti, Qırmızı dənizin təhlükəsizliyi və qlobal enerji xətləri də müəyyənləşdirir.
Belə ki, 2022-ci ildəki atəşkəsdən sonra cəbhələrin böyük ölçüdə dondurulması Yəməndə qalıcı bir siyasi həll yolunun tapılmadığını göstərdi. Bugünkü proseslər də münaqişənin yenidən ciddi şəkildə kəskinləşdiyinin sübutudur.
Mənim gözləntim münaqişənin qısa müddətdə qəti bir qələbə ilə başa çatmasından daha çox, dövri atəşkəslər və yenidən başlayan toqquşmalar şəklində davam etməsi istiqamətindədir. Ukraynadakı müharibə qədər qlobal sistemli bir münaqişəyə çevrilməsi isə hazırkı mərhələdə daha aşağı ehtimallıdır.
- Maraqlıdır, başqa ölkələrin də bu müharibəyə qoşulma ehtimalı varmı?

- Dolayı yolla qoşulma ehtimalını yüksək, birbaşa qaynar toqquşmaya girmə ehtimalını isə daha aşağı görürəm. Çünki Yəməndəki münaqişə onsuz da bir növ proksi müharibəsi xüsusiyyətlərini daşıyır. İranın husilər üzərindəki təsiri, Səudiyyə Ərəbistanının Yəmən hökumətinə verdiyi dəstək və bölgədəki ABŞ mövcudluğu nəzərə alındıqda, münaqişənin beynəlxalq ölçüsü artıq mövcuddur.
Lakin ABŞ, İran və ya başqa regional aktorların birbaşa genişmiqyaslı müharibəyə girməsi fərqli bir hədd formalaşdırır. Burada xüsusilə Qırmızı dənizin təhlükəsizliyi və enerji infrastrukturuna yönəlmiş hücumlar kritik əhəmiyyət kəsb edir. Husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı hücumları və Bab əl-Məndəb ətrafındakı hadisələr münaqişənin regionallaşması riskini artırır.
Beləliklə, Yəməndəki toqquşmaların gələcəyini müəyyən edəcək əsas sual “kim husilərə qarşı müharibəyə qoşulacaq?” deyil, “münaqişə İran-Səudiyyə Ərəbistanı rəqabətinin birbaşa cəbhəsinə çevriləcəkmi?” sualıdır. Əgər ikinci ssenari reallaşarsa, münaqişənin miqyası ciddi şəkildə böyüyə bilər.
- Son zamanlarda dünya gündəmində olan əsas məsələlərdən biri də Rusiyanın hansısa NATO ölkəsinə hücum etməyə hazırlaşdığına dair iddiaların artmasıdır. Sizcə, Rusiya həqiqətən alyansa hücum edəcək, yoxsa bu sadəcə bir blefdir?

- Burada “Rusiya mütləq hücum edəcək” demək də, “bu tamamilə blefdir” söyləmək də doğru deyil. Rusiyanın NATO-ya qarşı birbaşa konvensional müharibə başlatması son dərəcə yüksək xərcli və ciddi nəticələri olan bir vəziyyət yaradar. Çünki belə bir hücum NATO-nun kollektiv müdafiə mexanizmini gündəmə gətirər.
Üstəlik, Avropadakı bəzi təhlükəsizlik dairələrində Rusiyanın təxribat, kiberhücum, hava məkanı pozuntuları və digər hibrid fəaliyyətlərinin artdığı bildirilir. Bununla yanaşı, Rusiyanın hərbi imkanlarını yenidən bərpa etdiyi və Avropanın gələcək təhlükəsizlik balanslarını dəyişdirməyə çalışdığı yönündə qiymətləndirmələr də mövcuddur. Hətta Estoniya kəşfiyyatı 2026-cı ilin fevral ayında Rusiyanın həmin il və ya növbəti il NATO-ya hücum etmək niyyətində olmadığını ehtimal etmişdi.
Əslində məsələyə bu bucaqdan baxmaq daha doğru görünür: Rusiya baxımından NATO-ya birbaşa hücum son variantdır. Alyansı parçalamaq, onun çəkindiriciliyini sınaqdan keçirmək və hibrid üsullarla siyasi iradəsini zəiflətmək isə çox daha rasional seçimlərdir. Bu səbəbdən “blef” deməzdim. Burada bir güc nümayişi və strateji təzlyiq siyasəti var, lakin bunun birbaşa NATO müharibəsi mənasına gəldiyini demək üçün də kifayət qədər məlumat yoxdur.
- Dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında görüşün ola biləcəyinə dair iddialar səsləndirilir. Mövcud şəraitdə belə bir görüş baş tuta bilərmi?

- Hesab edirəm ki, G20 zivəsində belə bir görüşün baş tutma ehtimalı var. Hətta bu ehtimalın son zamanlarda ciddi şəkildə artdığını düşünürəm. Çünki Putinin G20-yə qatılması artıq tamamilə nəzəri bir məsələ deyil. ABŞ Putini dekabr ayında Mayamidə keçiriləcək G20 Zirvəsinə dəvət etdi və Kreml dəvəti dəyərləndirdiyini açıqladı. Daha mühümü, Zelenski də Putinin gələcəyi təqdirdə Mayamidə onunla görüşməyə hazır olduğunu açıq şəkildə bildirdi.
Lakin burada mühüm fərq budur: Görüşün baş tutma ehtimalı ilə görüşdən nəticə çıxma ehtimalı eyni mənanı daşımır. Mən Putin-Zelenski görüşünü daha çox danışıqların önünü aça biləcək siyasi təmas kimi qiymətləndirirəm. Bir anda sülh sazişinin əldə olunmasını gözləmək reallığa uyğun deyil.
Ancaq liderlərin eyni masaya əyləşməsi belə müharibənin diplomatik ölçüsündə mühüm bir irəliləyiş olar. Üstəlik, burada Trampın da rolu kritikdir. Çünki Trampın əsas yanaşması Avropanın təhlükəsizlik memarlığını tamamilə Avropaya həvalə etmək əvəzinə, Vaşinqtonun mərkəzdə olduğu bir danışıqlar mexanizmi qurmaq kimi görünür.
- Qarşıdakı həftələrdə ABŞ, Çin və Rusiya liderlərinin bir araya gələcəyi gözlənilir. Əlbəttə ki, bu da maraqla qarşılanır. Necə düşünürsünüz, əzəli rəqiblərin görüşməsinə səbəb nədir?

- Məncə, bu sualın cavabı əslində beynəlxalq siyasətin əsas məntiqində yatır: Dövlətlər dost olduqları üçün deyil, maraqları kəsişdiyi üçün görüşürlər. Günümüzdə ABŞ-Çin rəqabəti davam edir. ABŞ-Rusiya arasında Ukrayna müharibəsi səbəbindən ciddi fikir ayrılıqları var. Rusiya ilə Qərb arasında da çox ciddi təhlükəsizlik problemləri mövcuddur. Amma bütün bunlara baxmayaraq, liderlər görüşürlər.
Çünki nüvə silahlarına, qlobal iqtisadi gücə və beynəlxalq sistem üzərində böyük təsirə malik üç aktorun bir-biri ilə danışmaması, görüşməsindən daha təhlükəli ola bilər. Üstəlik, bu ehtimal artıq yalnız media spekulyasiyası deyil. Putin Tramp və Si Cinpinq arasında üçtərəfli görüşə prinsipial olaraq müsbət baxdığını, lakin gündəliyin müəyyənləşdirilməli olduğunu bildirib.
Bu görüşlər məzmun etibarilə bir “dostluq zirvəsi” olmaqdan ziyadə, XXI əsrin güc bölgüsünün yenidən razılaşdırılması mənası daşıyır. Belə ki, Ukrayna, Tayvan, ticarət, enerji, nüvə silahları, süni intellekt, qlobal maliyyə sistemi və yeni təhlükəsizlik memarlığı kimi mövzuların hamısı bu üçlük arasındakı rəqabətin tərkib hissəsidir.
- Ötən həftələrin ən sensasiyalı hadisələrindən biri də Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdi idi. Belə ki, Ukrayna liderinin təyyarəsinə Moldovada hücum cəhdi oldu. Kiyev bunun arxasında Rusiyanın dayandığını açıqlayıb. Sizcə, Rusiya həqiqətən birbaşa olaraq Zelenskiyə hücum etməyə çalışdı?

- Burada xüsusilə ehtiyatlı olmaq gərəkdiyini düşünürəm. Zelenski Rusiyanın Moldova üzərindən həyata keçirdiyi səfərlər zamanı prezident təyyarəsini iki dəfə hədəf almağa çalışdığını bildirdi. Lakin hadisələrin təfərrüatları barədə müstəqil və dəqiq təsdiq yoxdur. Hətta Ukrayna tərəfindən bir mənbə belə təyyarənin həqiqətən təhlükəyə düşməsi ilə bağlı bəzi iddiaları “mübaliğəli” kimi qiymətləndirdi.
Əslində, Rusiyanın Zelenskini hədəf almaq istəməsi strateji baxımdan mümkündür. Lakin “Rusiya Zelenskinin təyyarəsini vurmağa çalışdı” nəticəsinə qəti şəkildə gəlmək üçün əlimizdə kifayət qədər sübut yoxdur. Bu səbəbdən, burada Rusiyanın davranış məntiqi baxımından da yanaşmaq lazımdır.
Zelenskinin öldürülməsi Rusiya baxımından avtomatik olaraq Ukraynanın təslim olması mənasına gəlmir. Əksinə, belə bir sui-qəsd cəhdi Ukrayna cəmiyyətində daha kəskin müharibə motivasiyası yarada bilər. Bundan başqa, bu vəziyyət Qərbin Ukraynaya dəstəyini artıra və Rusiyanı beynəlxalq müstəvidə çox daha çətin mövqeyə sala bilər.
Odur ki, Moskva baxımından Zelenskini fiziki olaraq aradan qaldırmaq hər zaman rasional seçim olmaya bilər. Zelenskiyə qarşı real bir sui-qəsd cəhdi olubsa, bunun arxasında Rusiyanın dayanması ehtimalı, əlbəttə ki, istisna edilə bilməz. Ancaq mövcud məlumatlar bunu dəqiq bir Rusiya sui-qəsd əməliyyatı kimi elan etmək üçün bizə kifayət qədər faktiki baza təqdim etmir.
Elmir Mustafa


