İtaliyanın lüks super avtomobil istehsalçısı “Ferrari” yarış pistləri üçün nəzərdə tutulmuş “296 Challenge” modelindən ilham alan və küçələrdə sürmək üçün uyğunlaşdırılan yeni ekstrem versiyasını sınaqdan keçirərkən görüntülənib.
Hit.az xəbər verir ki, brendin sıx kamuflyaj altında test etdiyi və əsl yarış avtomobillərini xatırladan bu yeni prototipi ilk dəfə casus kameraların obyektivinə tuş gəlib.
Rəsmi olaraq hələ adı təsdiqlənməyən layihənin pist yönümlü “296 Challenge” ilə yollar üçün nəzərdə tutulan “296 Speciale” modelləri arasında xüsusi bir mövqe tutacağı gözlənilir. Sınaq yürüşündə olan prototip standart “296 GTB” modeli ilə müqayisədə çox daha idman üslublu görünüşü ilə seçilir.
Avtomobilin arxasında yerləşdirilən nəhəng “qu quşu boynu” tipli spoyler (arxa qanad) və ön tərəfdəki kəskin “splitter” yüksək sürətdə maksimum yerəyatma qüvvəsi təmin edir. Bundan başqa, yenidən işlənmiş mühərrik qapağı, genişləndirilmiş hava kollektorları və ikiçıxışlı eqzoz sistemi avtomobilin yarış mənşəyini açıq şəkildə nümayiş etdirir.
Məlum olduğu kimi, modelin pist versiyası olan “296 Challenge” çəkini maksimum dərəcədə azaltmaq məqsədilə hibrid sistemdən imtina edib və 690 at gücü hasil edən 3.0 litrlik iki turboçarxlı safqan V6 mühərriki ilə təchiz olunub. Yollara çıxacaq bu yeni ekstrem versiyanın da elektrik komponentlərini kənara qoyaraq daha yüngül gövdə quruluşu və gücləndirilmiş benzin aqreqatı ilə təqdim olunacağı ehtimal edilir.
Hələlik dəqiq texniki göstəriciləri və istehsal sayı gizli saxlanılan superkarın “Speciale” versiyası ilə müqayisədə hiss olunacaq dərəcədə yüksək qiymət etiketi ilə satışa çıxarılacağı gözlənilir. “Ferrari” rəhbərliyinin bu yeni superkarla bağlı rəsmi təqdimatı yaxın aylarda keçirməsi planlaşdırılır.
Pərviz



