Gizli arxivlərin... açılan sirləri

15:31 / 05.06.2020
2695

Sülhəddin Əkbərin 27 ildən sonra dedikləri və demədikləri haqqında

Sülhəddin Əkbər son dövrlərin ən cidd bir açıqlamasını edib. Tam açılmamış bu dəftər çoxlarını sevindirə, özünün dediyi otuz min nəfərlik şəbəkəni və bir qrup siyasiləri narahat edə bilər. Hətta illərdir bu məsələnin unudulduğunu zənn edən bəziləri Sülhəddin Əkbərin fiziki məhvini də təşkil edə bilərlər. Eyni addımı Rusiya xüsusi xidmətləri və başqa təhlükəsizlik xidmətləri də düşünə bilərlər.

Ötən əsrin sonunda Sovet imperiyası dağıldıqdan sonra milli dövlətlərin bəzilərində Sovet Dövlət Təhlükısizlik Komitəsinin (DTK) və digər xüsusi xidmət orqanlarının agent şəbəkələri açıldı. Bir çox respublikalarda bu addım atıldıqdan sonra heç bir faciəvi hal baş vermədi. Sadəcə, yerli milli təhlükəsizlik xidmətlərinə və dövlətlərə, xüsusən, Rusiya xidmət orqanlarına o gündən sonra işləyəcək insanları çəkindirməyə xidmət etdi. SSRİ-nin yenidən bərpa olunmasının qarşısının alınması baxımından bunun xüsusi əhəmiyəti var idi.

Bizim dövlətdə də Azərbaycan Xalq Cəbhəsi hakimiyətə gəldikdən sonra belə bir addımın atılması gözlənilirdi. Arxivlərin açılması tərəfdarı kimi mən də bunun çox faydası olacağını düşünürdüm. Azərbaycanın müstəqilliyinin bərpasından sonra Milli Təhlükəsizlik Nazirliyi adlandırılan keçmiş DTK-ya rəhbərlik edən şəxslər agentura bazasını, əlbəttə, məhv edə bilməzdilər. Biz də çox sevinirdik ki, arxivlər açılacaq, millət kimlərin agent olduğunu biləcəkdir. Təəssüf ki, olmadı...

Gözlədiklərimiz baş vermədi. Əksinə arxivlərin açılmasınına ən yüksək səviyyədə qarşı çıxıldı. Ölkənin birinci şəxsi başda olmaqla rəhbər şəxslərin hamısı, demək olar, arxivlərin açılmasına qarşı çıxdılar. Arqumentləri inandırıcı görünməsə də, demək olar, hər kəsin susmasına səbəb oldu. Deyirdilər ki, arxivlər açılarsa, övladlar valideynlərindən imtina edəcək, intiharlar baş alıb gedəcək və s. Kimsə demədi ki, arxivləri açmadan əvvəl həmin şəxslərlə bağlı daxil ictimai rəyi hazırlaya bilərik. Kimsə demədi ki, önəmli şəxslər tv və radio efirinə çıxarılsın, danışsınlar. Sürəci çox ağrısız və millətimizin mənfəətinə həll edək.

Nə yazıq ki, 1918 – ci ildə dünyanın ən demokratik parlamentlərindən birini qurmuş Azərbaycan dövlətinin 1992-ci ildə olan parlamenti sələflərindən çox fərqli idi. 1990-cı ildə keçirilmiş Parlament seçkisi heç bir demokratikliyi ilə seçilmirdi. Sadəcə, mövcud hakimiyyət qismən idarə oluna biləcək demokratik düşüncə sahibi olan insanları parlamentə buraxdı. Bu seçkilərdə Naxçıvan MR-ə müdaxilə edə bilməmişdilər Orada seçki yerli güclərin istəyinə uyğun, geniş xalq qatılımı ilə keçirildi. Bir də Sumqayıt şəhərindəki seçkiyə ehtiyatla yanaşılırdı. Eləcə də, Lənkəranda seçkidə xalqın istəyinə az da olsa yol açdılar. Çünki Sumqayıt o dövrdə bir az qaynar, üsyankar şəhər hesab edilirdi (Yəni İxtiyar Şirin hansı xalq hərəkatından, milli azadlıq mübarizəsindən çıxmışdı ki. Yeri gəldiyi üçün dedim).

Demək istəyirəm, parlamentimizin üzvləri də bunu tələb etmək iqtidarında və həvəsində deyildi. Nə yazıq ki, mövcud hakimiyət yeni seçki keçirmək də istəmirdi. Hazırkı deputat korpusu hakimiyətimizdəki rəhbərlərimizin işinə yarayırdı. Bəlkə də parlament buraxılmış olsaydı, yeni parlament arxivlərin açılmasına nail olacaqdı. Və ya 1993-cü ilin qiyamı ya olmayacaqdı, ya da rahatlıqla yatırılacaqdı.

Qısacası, o dövrdə arxivlərin açılmaması bu günkü durumumuzun ən əsas səbəblərindən biri idi. Əbülfəz Elçibəy hökumətində milli təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbərin açıqlamasından anlaşılır ki, agentura şəbəkəsi bazasına əli çatan zaman gördüklərindən vahimələnib. O zamankı hakimiyyət təmsilçilərinin əksəriyyətinin o siyahıda yeri və adı var imiş. Dediyindən anlaşılan odur ki, siyahıda birinci şəxs daxil parlament sədri, dövlət katibi və digərlərinin də adı olub. Anlaşılmayan odur ki, Sülhəddin Əkbər bunu bilə-bilə həmin siyahı haqda birinci şəxsə məlumat verir. Bu, necə olan bir işdir - anlamıram. Belə şey yalnız bir halda ola bilərdi; Sülhəddin bəy, özünün də dedihyi kimi, MTN-də işi tam mənimsəməli, öz kadrlarını tam yerləşdirmiş olmalı idi. Bunu nə yazıq ki, tam etmədən prezidentə və daha sonra digər ilgili insanlara bilgi verir. Ondan sonra da prezident parlamentin sədrinə, bir neçə ay sonra baş nazir olmaq həvəsinə düşəcək dövlət katibinə bunu açıqlayır. Və o adamlar Sülhəddin Əkbərlə görüşürlər. Artıq MTN başçısı olmaq perspektivi qapanır. Özünü isə əsas işlərdən kənarlaşdırmaq planları işə düşür. Daha sonra dövlət çevrilişi-filan...

Amma bütün olanlardan sonra Sülhəddin bəy Əbülfəz bəydən başqa o adamların hamısı ilə çiyin-çiyinə addımlayır; İsa Qəmbərlə Müsavatda, Pənah Hüseynlə də elə oralarda illərlə bərabər olur. İndi isə iyirmi yeddi il sonra mətbuat önündə ciddi açıqlamalar edir. Hər kəsi şoka salır. Hətta, zənnimcə, indi də öz həyatına təhlükə yaranmasına səbəb olur. Çox ilginc proseslər gedir. Niyə məhz indi? Bu sual çox düşündürücüdür. Və çox maraqlıdır: Necə olur ki, indi adları açıqlanmadan agent olduqları bəlli olan o adamlarla illərlə bərabər addımnlayıb Sülhəddin bəy?...

Suallar çoxdur. Cavab verməli şəxslərdən biri olan Sülhəddin bəy yaxşı olardı bu siyahını hər hansı bir formada açıqlasın və əsaslandırsın. Ayrıca qeyd etməliyəm ki, Sülhəddin bəyin məlum açıqlaması çox əhəmiyətlidir. Çox qaranlıqlara işıq salacağına ümüd edirəm. Sülhəddin bəyin özü təpədən-dırnağa vətənpərvər bir insandır. Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü və demokratikliyi uğrunda çox işlər görüb və görəcək də. Onunla eyni hakimiyətdə təmsil olunan və bir çox düşüncələrini bölüşən bir siyasətçi olaraq Sülhəddin bəydən bir neçə addım daha atmasını gözləyirəm.

Mən də o zamankı hakimiyətin təmsilçisi, xüsusi səlahiyyətlə tapşırıqlar yerinıə yetirən bir şəxs kimi çox şeylər bilirəm. İnanın, elə faktlar var ki, bu gün belə obyektiv araşdırmaq istəyən olsa, 1993-cü ilə yeni baxışa və yeni qərara səbəbiyyət verər. Sülhəddin bəyin bəhs etdiyi agent bazası o zaman MTN arxivinin rəisi olmuş mərhum dostumuz Telman Alıyevin də əlində var idi. O arxivdən bəzilərimizin xəbəri vardı. Hətta öz yaxınlarımızdan biri o siyahıda adının olduğunu bildiyindən həmin dövrdə “Azadlıq” qəzetinin redaktoru olan Qənimət Zahidə yaxınlaşaraq sovet dövründə komsomolda işləyərkən DTK-nın agenti olduğunu demişdi.

Telman müəllimdə bu məlumatların olması onun başına çox müsibətlər gəlməsinə səbəb oldu. Sonda zavallı Telman müəllim müəmmalı şəkildə vəfat elədi... Allah rəhmət eləsin.

O hadisələrə qədər baş vermiş bir işə azacıq işıq tutmaq istəyirəm. Dadaş Rzayevi müdafiə naziri qoymağa israr etməkdən söz getmirdi. Rəhim Qazıyevin istefaya göndərilməsinə etiraz edən Rusiya Dadaş Rzayevin adı ortaya çıxanda buna açıq etiraz etmədi. Başqa formada maneçilik vardı; ermənilərə dəstək verərək bizi sıxışdırırdılar. Torpaqlarımızın işğal olunmasında ermənilərə kömək edirdilər. Azərbaycanda olan agentləri vasitəsilə kəşfiyyat məlumatlarını ermənilərə ötürərək döyüş planlarımızı pozur və ya koordinatlarımızı verməklə əskərlərimizi şəhid edirdilər.

Biz isə Rusiyanın bu şıltaqlıqlarına dözürdük. Zaman qazanmağa çalışırdıq ki, altı-yeddi aya çevik, professional əskəri birliklərimiz hazır olsun. Bu əskərlərin heç birini o zaman döyüşə buraxmır, əsas döyüşə hazırlayırdıq. Hazırlanan ordumuz dağ şəraitində yüksək döyüş qabiliyyətli olacaqdı. Bu birliklər hazır olduqdan sonra Dadaş Rzayev istefaya göndərilərək yerinə də, çox güman ki, İsa Sadıqovu gətirəcəkdik...

Nə yazıq ki, Sülhəddin bəyin hələ də adlarını çəkmədiyi agentlər vasitəsilə bütün Rusiya xüsusi xidmət orqanları planlarımızı əvvəlcədən bildi. Fevral ayından başlayaraq AXC içərisində ciddi çaxnaımalar yaratmağa başladılar. Bu çaxnaşma isə sonun başlanğıcı idi... Agent nə zaman təhlükəlidir. Kimliyi aşkarlanana qədər. İfşa etdikdən sonra cəzalandırılması və ya bağışlanması dövlətin işi, tutduğu vəzifəsində qalması isə mədəniyyət məsələsi və şəxsin öz işidir. Bütün bunları biz etmiş olsaydıq, bəlkə də bu gün ölkəmiz başqa yerlərdə idi.

Rus analitikləri, strateqləri və siyasi iradəsi bunu bildiyindən Azərbaycan kimi bir dövlətin nəzarətlərindən çıxmasına imkan verməzdilər. Vermədilər də. Ayaz Mütəllibovu hakimiyətə yenidən qaytarmaq istəyən Rusiya məcburən Heydər Əliyevin hakimiyətə gəlməsinə razılaşdı. Baxmayaraq ki, Rusiya siyasi iradəsi siyasi baxış açısından Elçibəyə çox yaxın, Heydər Əliyevə isə, ümumiyətlə, düşmən mövqedəydi. Rusiyanın marağı bütün ambisiyalar və əqidələrdən üstün olduğundan Boris Yeltsin hakimiyyəti Əbülfəz Elçibəy hakimiyyətini dəstəkləmədi, müdafiə etmədi. Qazanan Rusiya, dar zamanlarımızda həmişə zərbə vurmuş emənilər və Rusiyayönümlü müxalifət oldu. İtirənsə, gözəlim Azərbaycandır. Dahası isə yoxdur.

Necə deyərlər, sonrakı peşmanlıq bir fayda verməz. Bundan sonra önümüzə baxmalı, dövlətimizin demokratikləşməsini, vətəndaşımızın dövlət müstəqilliyinə və bütünlüyünə bağlanmasını təmin etməliyik. Birinci yol əlbəttə, Sülhəddin bəyin başlatdığı işi sürətləndirməkdən keçir. Azırbaycanın milli təhlükəsizliyi baxımından başda Rusiya olmaqla bütün xarici ölkələrin agentura şəbəkəsi ifşa olunmalıdır. Bu, bizim bir dövlət kimi inkişafımızda dönüş nöqtəsi olacaqdır.

Qorxmaz İbrahimli, Aydınlar Partiyası sədrinin birinci müavini

0
Bizimyol.info