DSMF-nin sərbəst vəsaitinin investisiya gəlirləri azad edilmiş ərazilərə də yönləndiriləcək

15:23 / 17.04.2023
805

Dövlət sosial müdafiə fondunun (DSMF) sərbəst vəsaitinin investisiya gəlirlərindən istifadə oluna biləcək istiqamətlər açıqlanıb.

HİT.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş "Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydası"nda öz əksini tapıb.

Qeyd edilib ki, investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;

- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;

- Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında Azərbaycan Prezidenti təsdiq edir. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

0