Bəzi hallarda alıcılar vaxtı keçməsinə az qalmış məhsullarla yanaşı, son istifadə tarixinin dəyişdirildiyi və ya üzərindəki məlumatların şübhə doğurduğu məhsullarla da qarşılaşırlar.
Əfsuslar olsun ki, bütün xəbərdarlıqlara baxmayaraq, bəzi marketlər belə məhsulları satmağa davam edirlər. Bəs belə məhsulların satışı qanunla icazə varmı? Son istifadə tarixini dəyişdirmək hansı məsuliyyətə səbəb olur və istehlakçı belə hallarda hara müraciət edə bilər?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, mövcud qanunvericiliyə əsasən, yararlılıq müddəti keçmiş ərzaq məhsullarının satışı qadağandır:
“Marketdə belə məhsullardan hətta bir ədəd aşkarlandığı və bu barədə dövlət orqanlarına məlumat verildiyi halda, 1000-1500 manat məbləğində cərimə tətbiq edilir. Bununla belə, yararlılıq müddəti keçmiş məhsulların mağazadan çıxarıldıqdan sonra hansı aqibətlə üzləşməsi ilə bağlı suallar qalır. Azad İstehlakçılar Birliyi də məhz bu məsələdən narahatlığını ifadə edir.
Mövcud alqoritmə əsasən, yararlılıq müddəti keçmiş məhsul əvvəlcə mağazadan çıxarılaraq anbarda toplanır, daha sonra distribütora qaytarılır. Distribütor isə həmin məhsulu istehsalçıya təhvil verir. Məhsulun bundan sonrakı aqibəti isə bir sıra hallarda qeyri-şəffaf olaraq qalır”.

Ekspert bildirib ki, qanunvericiliyə görə, istehsalçı belə məhsulları poliqonda məhv etməli, proseslə bağlı müvafiq akt tərtib etməli və mühasibat sənədləşməsini aparmalıdır:
“Lakin Azad İstehlakçılar Birliyi hesab edir ki, mövcud sistem tam şəffaf deyil. Birliyin narahatlığı bəzi hallarda məhsulların yararlılıq tarixlərinin dəyişdirilməsi ilə bağlıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət həyata keçirilsə də, xüsusi proqramların kassa sistemlərinə inteqrasiya olunmaması vaxtı keçmiş məhsulların satışa çıxarılması ilə bağlı risklərin tam aradan qalxmasına imkan vermir. Digər tərəfdən, mağaza əməkdaşlarının yararlılıq müddəti keçmiş qida məhsullarını doğrayaraq heyvanlara verməsi və ya özbaşına utilizasiya etməsi də qanunsuzdur”.
Həmsöhbətimiz vurğulayıb ki, belə hallar həm də zəhərlənmə riski yarada bilər:
“Restoran, hotel və şadlıq evlərində istehlakdan sonra artıq qalan qidaların aqibəti ilə bağlı da qeyri-şəffaflıq mövcuddur. Bu qidaların bəzi hallarda növbəti istehlakçılara yenidən təqdim edilməsi ehtimalı da narahatlıq doğuran məsələlərdəndir.
Azad İstehlakçılar Birliyi yararlılıq müddəti keçmiş və ya istehlaka yararsız məhsulların daha səmərəli şəkildə utilizasiya edilməsini təklif edir. Hesab edirik ki, bu məhsulların komposta, yəni gübrəyə və ya yemə çevrilməsi imkanları araşdırılmalı, utilizasiya prosesi isə tam şəffaf şəkildə həyata keçirilməlidir. Həmçinin, bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini də təklif edirik”.
Sevinc


