Qonşular niyə bir-birindən uzaq düşdü?

SOSİAL
15:33 / 01.10.2026
168

Bir vaxtlar Azərbaycanda qonşuluq sadəcə eyni binada, eyni həyətdə və ya eyni küçədə yaşamaq demək deyildi. 

Qonşu ailənin bir üzvü kimi qəbul olunurdu. Evin qapısı təkcə taxtadan və dəmirdən ibarət sərhəd deyildi. Qonşunun gəlişi üçün ayrıca zəngə, əvvəlcədən razılaşdırılmış görüşə ehtiyac duyulmurdu. Xüsusilə köhnə bina evlərində, həyət evlərində insanlar bir-birinə daha yaxın yaşayırdılar. 

Qapılar bəzən açıq qalır, qonşular bir-birinin evinə rahat girib-çıxırdı. Kiminsə evində yemək bişirilirdisə, qoxusu ilə birlikdə qonşuya da payı gedirdi. Bir ailənin toyunda, yas mərasimində, xəstəliyində və ya başqa bir çətinliyində qonşular ilk köməyə gələnlərdən olurdu.

Uşaq qonşuya əmanət edilirdi. Evdə hansısa iş çıxanda “uşağa qonşu baxar” demək kifayət edirdi. Birinin evində xəstə vardısa, digəri yemək aparırdı. Kiminsə başına iş gəlirdisə, qonşular bunu kənardan izləmirdi, problemin bir hissəsinə çevrilirdilər.

Ən maraqlısı isə insanların bir-birinin həyatını bilməsi idi. Kimin xəstəsi var, kimin övladı imtahan verir, kimin ailəsində toy hazırlığı gedir, kimin köməyə ehtiyacı var – bunlar gizli məlumat yox, qonşuluğun adi gündəlik söhbətləri idi.

Bu gün eyni binada illərlə yaşayan insanların bir-birinin adını belə bilməməsi mümkündür. Eyni mərtəbədə yaşayan iki qonşu liftə birlikdə minir, bir-birinə salam verir, sonra öz mənzilinin qapısını açıb hərəsi öz dünyasına çəkilir.

Qapılar artıq yalnız təhlükəsizlik üçün bağlanmır. İnsanlar şəxsi məkanlarına daha çox əhəmiyyət verirlər. Həyat sürətlənib, iş saatları uzanıb, insanlar günün böyük hissəsini evdən kənarda keçirirlər. Texnologiya isə ünsiyyətin formasını dəyişib, insan uzaqda olan biri ilə saniyələr içində danışa bilir, amma yan mənzildə yaşayan qonşusu ilə həftələrlə söhbət etməyə bilər.

Bir başqa dəyişiklik də insanların bir-birinə qarşı ehtiyatının artmasıdır. Əvvəllər “qonşu” sözü daha çox güvən hissi yaradırdısa, indi bəzi insanlar qonşusunu əvvəlcə tanımadığı biri kimi qəbul edir. Şəxsi həyata müdaxilə qorxusu, təhlükəsizlik narahatlığı və sərhədlərin daha ciddi qorunması qonşuluq münasibətlərini də dəyişib.

Bu gün bir çox insanın sosial şəbəkələrdə yüzlərlə “dostu” var, amma xəstələnəndə qapısını döyəcək bir qonşusu olmaya bilər. Telefonunda onlarla əlaqə saxladığı insanın olması mümkündür, amma evinin qarşısında yaşayan insanla münasibəti yalnız “salam-sağ ol” səviyyəsində qala bilər.
 
İndiki dövrdə şəxsi sərhədlərin qorunması və insanın öz həyatına sahib çıxması da vacibdir. Məsələ qapının həmişə açıq qalması deyil. Məsələ odur ki, qapı bağlı olsa belə, qonşuluğun ürəyi bağlı qalmasın. Çünki qonşuluq insanın ən yaxın sosial çevrələrindən biridir. Bəzən insanın başına gözlənilməz bir hadisə gələndə ona ilk çatan uzaqdakı qohumu yox, yan qapıdakı qonşusu olur.

Bir boşqab yemək paylaşmaq, xəstə qonşunun halını soruşmaq, yaşlı qonşunun torbasını qaldırmaq, uşaqların səsinə görə dərhal əsəbiləşmək əvəzinə bir-birini anlamağa çalışmaq, bayramda qapını döyüb “bayramınız mübarək” deməkdir. Bəzən böyük dəyişikliklər belə kiçik addımlardan başlayır. Çünki qonşuluq divarların arasında deyil, insanlar arasındakı münasibətdə yaşayır.

Sevinc

0