YAP-ın VIII Qurultayı – Prezident mühüm mesajlar verdi

SİYASƏT
13:43 / 05.10.2026
257

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı əslində Azərbaycanın növbəti mərhələ üçün siyasi yol xəritəsi idi”. 

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
 
O bildirib ki, ilk dəfə YAP-ın qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirildi:


“Bu faktın özü artıq yeni siyasi reallığın ifadəsidir. Prezidentin çıxışında çox mühüm bir xətt var idi: Azərbaycan əldə etdiyi tarixi nəticələrlə kifayətlənmir, qarşısına daha böyük hədəflər qoyur. Güclü dövlət, güclü ordu, iqtisadi müstəqillik və milli birlik bundan sonra da əsas dayaqlarımız olaraq qalacaq.

Dünyada beynəlxalq hüququn zəiflədiyi, müharibə və qarşıdurmaların genişləndiyi bir dövrdə dövlət başçısının “hər gün hazır olmalıyıq” mesajı xüsusilə ciddi siyasi məna daşıyır. Azərbaycan sülh istəyir, amma öz təhlükəsizliyini heç vaxt başqasının iradəsinə etibar etmir”.

Millət vəkili qeyd edib ki, qurultayda Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi və yeni iqtisadi hədəflər də vahid inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim edildi:
“Yəni söhbət yalnız qazanılmış Zəfərin qorunmasından deyil, həmin Zəfərin iqtisadi, siyasi və sosial dividendlərinin gələcək nəsillərə ötürülməsindən gedir. Prezident İlham Əliyevin YAP üzvlərinə mesajı da aydındır: tarixi missiyanın bir mərhələsi başa çatıb, amma qarşıda yeni vəzifələr var. YAP bundan sonra da sadəcə siyasi təşkilat kimi deyil, dövlətçilik xəttinin, milli həmrəyliyin və Azərbaycanın strateji inkişaf kursunun aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirəcək”.

Vüqar İskəndərov vurğulayıb ki, YAP-ın VIII Qurultayının əsas fəlsəfəsini bir cümlə ilə ifadə etmək olar: 
“Azərbaycan qalib dövlət kimi yeni dövrə daxil olub və bu dövrün əsas prinsipi əldə edilənlə kifayətlənməmək, daim daha güclü olmaqdır”.

Elmir Mustafa 

0