Məktəb bufetləri uşaqların sağlamlığına risk yaradır?

TƏHSİL
13:00 / 02.10.2026
188

Gəncədə məktəblilər arasında baş verən zəhərlənmə hadisəsi məktəb bufetlərində satılan qidaların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. 

Bu dəfə də şagirdlərin səhhətində yaranan problem bufetdən alınan qida ilə əlaqələndirilir. Məktəblərdə uşaqların qida səbəbindən zəhərlənməsi ilə bağlı halların təkrarlanması isə nəzarət və təhlükəsizlik tədbirlərinin nə dərəcədə yetərli olduğu sualını aktuallaşdırır.

Təhsil eksperti Əmrah Həsənli Hit.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi hələ də ciddi diqqət tələb edən sahələrdəndir: 

411458

“Yoxlamalar zamanı ərzaqların saxlanması, məhsulların keyfiyyəti və bufetlərdə sanitar qaydalara əməl olunması ilə bağlı müxtəlif nöqsanlara rast gəlinir. Bəzi hallarda yararlılıq müddəti keçmiş məhsulların istifadəsi, qidaların tələb olunan temperaturda saxlanmaması, məhsulun tərkibi barədə yanlış məlumat verilməsi kimi halların müəyyənləşdirilməsi narahatlıq doğurur. Qida bloklarında təmizlik və dezinfeksiya qaydalarının pozulması, əməkdaşların tibbi müayinədən keçirilməməsi də risk yaradan amillərdəndir”.

Ekspert hesab edir ki, məktəb bufetlərində uşaqların sağlamlığı üçün uyğun olmayan məhsulların satışına yol verilməməlidir:

“Həddindən artıq şəkərli və qazlı içkilər, mənşəyi bəlli olmayan qidalar, eləcə də keyfiyyəti şübhə doğuran məhsullar şagirdlərin gündəlik qida seçimində yer almamalıdır. Bu nəzarət yalnız məktəbin daxilində aparılmamalıdır. Məktəblərin ətrafında fəaliyyət göstərən iaşə obyektlərində də uşaqlara təqdim olunan qidaların təhlükəsizliyi diqqətdə saxlanmalıdır. Çünki sağlam qidalanma təhsilin ayrılmaz hissəsidir: özünü yaxşı hiss etməyən uşağın dərsə diqqətini cəmləməsi də çətinləşir”.

Sevinc

0