Qızıl bazarında son günlər diqqətçəkən dəyişiklik müşahidə olunur.
İlin əvvəlindən etibarən həm dünya bazarında, həm də Azərbaycanda qızılın qiymətində artım daha çox gündəmdə olduğu halda, son həftələrdə istiqamət dəyişib. Qiymətlərin yüksəlməsi əvəzinə qızılın dəyərində enmə qeydə alınır. Bəs bazarda bu dəyişiklik nədən qaynaqlanır və ucuzlaşma davam edə bilərmi?
İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, qızılın dünya bazarındakı son hərəkətliliyinin əsas səbəbləri arasında ABŞ valyutasının güclənməsi və dövlət istiqrazlarının gəlirliliyindəki artım göstərilir:

“Eyni zamanda, faiz dərəcələrinin yaxın müddətdə yüksək səviyyədə saxlanılacağı ilə bağlı gözləntilər də qiymətli metalın cəlbediciliyinə təsir edən amillərdən biri kimi qiymətləndirilir. Bazar iştirakçılarının diqqət yetirdiyi əsas məqam isə qızılın qiymətindəki dəyişkənliyin artmasıdır. Son dövrdə qiymətlər həm yüksəliş, həm də eniş istiqamətində kəskin hərəkətlər nümayiş etdirir və bu da bazarda qeyri-müəyyənliyin davam etdiyini göstərir”.
Ekspert hesab edir ki, bu dəyişikliklərin Azərbaycan bazarında da özünü göstərməsi mümkündür:
“Qızıl beynəlxalq bazarlarda əsasən ABŞ dolları ilə ifadə olunduğundan, dünya qiymətlərində baş verən dəyişikliklər manatın məzənnəsi sabit olduğu şəraitdə yerli qiymətlərə də təsir edir. Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,70 manat səviyyəsindədir.
Qiymətlərdəki fərqi son həftələrin göstəricilərində də görmək mümkündür. Belə ki, 24 əyarlı qızılın bir qramının hesablanmış dəyəri sentyabrın əvvəlində təxminən 245 manat olduğu halda, ayın 29-da bu göstərici 225,6 manata qədər geriləyib”.
Mütəxəssis diqqətə çatdırıb ki, qısa müddət ərzində təxminən 8 faizlik ucuzlaşma qeydə alınıb:
“Mövcud dinamika yaxın zamanda Azərbaycanda qızılın qiymətinin bir qədər də aşağı düşə biləcəyini istisna etmir. Bununla belə, hazırkı göstəricilər əsasında uzunmüddətli və kəskin ucuzlaşma proqnozu vermək üçün kifayət qədər əsas yoxdur”.
Sevinc

