AQEM Media Forumunun ƏHƏMİYYƏTİ

MEDİA
11:15 / 02.10.2026
190

Dünən Bakı daha bir mühüm tədbirə ev sahibliyi edib.

Belə ki, paytaxtımızda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu keçirilib. Tədbirdə müasir dünyada media qarşısında duran çağırışlar, informasiya mühitində etimadın formalaşdırılması və müxtəlif ölkələrin media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Forum media vasitəsilə qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və fərqli mövqelər arasında dialoqun qurulması baxımından da diqqət çəkib.

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, belə forumlar insanların bir araya gətirilməsi, masa arxasında müzakirələrin aparılması və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: 

411423

“AQEM çərçivəsində keçirilən tədbirdə 28 ölkənin media nümayəndələri və media ilə bağlı dövlət rəsmiləri iştirak edib. Belə təmaslar, bir qayda olaraq, hətta bir-birinə qarşı mövqedə olan, ziddiyyət yaşayan ölkələrin nümayəndələrinin də eyni masa arxasında müzakirə aparmasına imkan yaradır. 

AQEM çərçivəsində bir-biri ilə münasibətləri mürəkkəb olan bir sıra dövlətlərin nümayəndələri də iştirak edir. Fələstin, İsrail, Pakistan və qardaş Türkiyə kimi ölkələrin nümayəndələrinin bir masa arxasında oturaraq normal müzakirə aparması, fikir mübadiləsi etməsi bunun nümunəsidir”.

Ekspert diqqətə çatdırıb ki, forum dünyada dayanıqlı qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və media vasitəsilə etimadın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır: 

“Azərbaycan dünyada dialoqun inkişaf etdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. Ölkəmizdə buna bənzər forum və toplantılar mütəmadi keçirilir, qarşıdurma və fikir ayrılığı yaşayan ölkələrin nümayəndələri bir araya gətirilərək onların dialoq aparmasına şərait yaradılır. 

Bu forum da həmin təşəbbüslərin davamıdır və tədbirin məhz Azərbaycanda keçirilməsi ölkənin dünyada dayanıqlı sülhün təşviqinə verdiyi önəmi bir daha nümayiş etdirir. Media nümayəndələri arasında qarşılıqlı etimad nə qədər dərin, qarşılıqlı anlaşma nə qədər geniş olarsa, bu, nəticə etibarilə xalqlar və dövlətlər arasında da qarşılıqlı etimadın və anlaşmanın güclənməsinə səbəb ola bilər”.

Sevinc

0