“Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılması baxımından Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi yeri var”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətləri var:
“Xüsusilə müstəqilliyin ilk illərində ölkənin qarşısında dayanan mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik çağırışları fonunda dövlət institutlarının möhkəmləndirilməsi, Azərbaycanın milli maraqlarının qorunması və ölkənin inkişaf istiqamətinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyırdı. Heydər Əliyevin həyata keçirdiyi siyasət bu mərhələdə dövlətçilik xəttinin sistemləşdirilməsinə və müstəqilliyin daha dayanıqlı əsaslar üzərində qurulmasına yönəlmişdi”.
Siyasətçi vurğulayıb ki, Ümumilli Liderin xidmətlərindən danışarkən, ilk növbədə, dövlət idarəçiliyinin gücləndirilməsi, iqtisadi sabitliyin təmin olunması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini formalaşdırması istiqamətində atılan addımları qeyd etmək lazımdır:
“Neft strategiyasının formalaşdırılması, xarici sərmayələrin ölkəyə cəlb edilməsi və Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması sonrakı iqtisadi inkişaf üçün mühüm baza yaratdı. Eyni zamanda, ölkənin xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi Azərbaycanın milli maraqlarını əsas götürən çoxşaxəli diplomatik xəttin formalaşmasına imkan verdi”.
Millət vəkili diqqətə çatdırıb ki, bu baxımdan Heydər Əliyevin irsini yalnız müəyyən bir dövrün siyasi fəaliyyəti kimi deyil, Azərbaycanın müasir dövlətçilik modelinin formalaşması prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirmək olar:
“Müstəqilliyin qorunması, dövlət institutlarının gücləndirilməsi, iqtisadi potensialın artırılması və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində atılan addımlar Azərbaycanın sonrakı inkişafı üçün əsaslardan birini formalaşdırdı. Bu gün Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsində həmin dövrdə yaradılmış siyasi və iqtisadi bazanın da rolu qeyd olunmalıdır”.
Elmir Mustafa


