Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Azərbaycanda boşanmaların səbəblərini də açıqlayıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son beş-altı illik araşdırmalarının nəticələrində səbəblər arasında birinci yerdə məişət zəminində zorakılıq faktı gəlir:
“İkinci yerdə qərarlaşan səbəb sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur ”.
“Əhalinin reproduktiv hüquqlarının təmin edilməsi məqsədilə işlər aparılmalıdır. Bu baxımdan milli qanunvericilik təkmilləşdirilməlidir, - deyə o qeyd edib.
Elgün Səfərov həmçinin bildirib ki, rəsmi səbəblərdə daha çox cütlüklərin xasiyyətinin fərqli olması qeyd edilir, lakin həmin boşanmalar arasında da araşdırma apardıqda görünür ki, sonsuzluq, alkoqol və narkotik vasitələrdən asılılıq gündəmdə olan əsas problemlərdəndir. Eyni zamanda digər xəstəliklər, xəyanət, qısqanclıq da səbəblər arasında əsas yer tutur.
Şöbə müdiri deyib ki, sağlam ailə strukturunun qorunması Komitə üçün prioritetdir:
“Bunun üçün ardıcıl tədbirlər aparılır. Ailənin stabilliyinin qorunmasına, sosial-iqtisadi vəziyyətin dəstəklənməsinə, eyni zamanda da patriarxal stereotiplərin aradan qaldırılmasına - hansı ki uşaq nikahlarına və bu nikahlardan dünyaya gələn uşaqların sayının artmasına, qızların təhsilinin məhdudlaşdırılmasına gətirib çıxarır, bunların qarşısının alınmasına cəhd edilir”.