Sosial şəbəkələrin həyatımızdakı rolu artdıqca, ondan istifadə edənlərin də sayı bir o qədər artır.
Artıq demək olar ki, günümüzü sosial şəbəkəsiz düşünmək mümkün deyil. Hər kəs sözügedən platformalardan müxtəlif məqsədlər üçün istifadə edir. Lakin səbəblər fərqli olsa da, milyonlarla insan hər an sosial şəbəkə tətbiqlərinə daxil olur. Bu isə zamanla onlar arasından fenomenlərin çıxmasını üçün də zəmin hazırlayır.
Müasir dövrdə məşhur olmaq çox asandır. Ətrafımızda bir neçə paylaşım etməklə fenomenə çevrilən şəxslər var. Əlbəttə ki, bu da başqalarına nümunə olur. Onlara baxan gənclər də fenomen olmağı arzulayırlar. Bu səbəbdən də mütəmadi şəkildə sosial şəbəkələrdə yeni fenomenlərə rast gəlirik.
Maraqlıdır, insanlar nə üçün fenomen olmaq istəyirlər? Bu yolda atılan doğru və yanlış addımlar nələrdir? Fenomen olmaq üçün sosial media marketinqini (SMM) bilməyə və bu sahə üzrə mütəxəssisin dəstəyinə ehtiyac varmı?
Bütün bu suallarla bağlı “Zahidə Səməd Akademiya”nın təsisçisi, SMM mütəxəssisi Zahidə Səməd "Cümhuriyət"-ə müsahibə verib:
-Zahidə xanım, tanınmamış şəxslər sosial şəbəkə fenomeni olmaq üçün ilk olaraq hansı addımları atmalı və nələrə diqqət etməlidirlər?
-Bugünkü rəqəmsal dövrdə fenomen olmaq təkcə məşhurluq deyil, həm də bir karyera seçimidir. Tanınmamış bir şəxsin fenomenlik yoluna çıxmaq üçün ilk addımı özünü tanımaq və fərqləndirici bir mövqe müəyyənləşdirməkdir. Yəni, insan hansı mövzuda kontent paylaşacaq, auditoriyaya hansı dəyəri verəcək və bu sahədə digər şəxslərdən nə ilə fərqlənəcək? Əvvəlcə, bu suallara cavab tapmaq lazımdır.
Daha sonra isə bu istiqamətdə ardıcıl kontent strategiyası qurulmalı, estetik vizuallar və dəyərli mətnlər hazırlanmalıdır. Həmçinin, izləyicilərlə ünsiyyətə də önəm verilməlidir. Ümumiyyətlə, platformaların alqoritmini bilmək, doğru zamanlarda paylaşım etmək və davamlı olmaq da bu yolda önəmli faktorlardır. Heç kim bir gecədə fenomen olmur. Səbir, davamlılıq və keyfiyyətli kontent əsas şərtlərdir.
-Maraqlıdır, bu istiqamətdə edilən ən böyük səhvlər nələrdir?
-Ən çox rast gəlinən səhvlərdən biri başqalarını təqlid etməkdir. Orijinal olmaq əvəzinə, məşhur hesabların formatını və üslubunu kopyalama doğru seçim deyil. Bunu edən insan nəticədə fərqsiz bir profil yaradır. Digər mühüm səhv isə sürətli nəticə gözləməkdir. İnsanlar bəzən ani izləyici artımı üçün qeyri-etik yollara – izləyici alışı, saxta bəyənmələr və mənasız paylaşımlar kimi üsullara əl atırlar. Bu isə uzunmüddətli inkişafı dayandırır.
Bundan başqa, sosial şəbəkələrdə şəxsi sərhədləri itirmək, hər an həyatını paylaşmaq və özünü tamaşaçı gözündə “mükəmməl” göstərməyə çalışmaq psixoloji yüklənməyə səbəb ola bilər.
-Burada SMM mütəxəssisi ilə işbirliyinin rolu nə dərəcədə mühümdür?
-Sosial şəbəkə fenomeni olmaq sadəcə paylaşım etməkdən ibarət deyil. Bu, həm də düzgün strateji yanaşma, izləyici psixologiyasını anlamaq və brend kimliyi qurmaq deməkdir. Bu mərhələdə bir SMM mütəxəssisi ilə işbirliyi fenomenlik yolunu daha sistemli və nəticəyönümlü edir. Mütəxəssis kontent planlaması, hədəf kütlə analizi, vizual kimlik və reklam strategiyası kimi sahələrdə dəstək verərək zaman və resurs itkisini minimuma endirə bilər.
-Ümumiyyətlə, insanlar nə üçün fenomen olmağa bu qədər maraq göstərirlər?
-Sosial fenomenlik arxasında həm maddi, həm də mənəvi səbəblər dayanır. Birincisi, sosial şəbəkələrdən gəlir əldə etmək artıq realdır. Reklamlar, əməkdaşlıqlar, şəxsi məhsul və ya xidmətlərin satışı ilə fenomenlər yaxşı gəlir qazanırlar.
İkincisi isə tanınmaq, təsir gücünə sahib olmaq, insanlara yol göstərmək və ilham vermək arzusu bu marağı daha da gücləndirir. Lakin bu yolda uğurlu olmaq üçün yalnız istək yetmir. Davamlılıq, dürüstlük və fərqlilik əsas şərtlərdir.
Nəticə olaraq, sosial şəbəkələrdə fenomen olmaq istəyən şəxslər mütləq şəkildə məqsədli və planlı şəkildə hərəkət etməlidirlər. Eyni zamanda, dəyərlərini və kimliklərini qorumağı da unutmamalıdırlar. Çünki rəqəmsal dünyada uzunmüddətli uğur sadəcə görünməkdən yox, iz buraxmaqdan keçir.