ABŞ-İran müharibəsi həqiqətən bitdi, yoxsa?

DÜNYA
12:07 / 16.06.2026
154

“ABŞ ilə İran arasındakı problemlərin tamamilə bitəcəyi hələlik inandırıcı deyil”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O hesab edir ki, tərəflər arasındakı gərginlik atəşkəs razılaşmasına rəğmən, yaxın vaxtlarda yekunlaşmayacaq:


“Çünki vəziyyətə təsir edən və münaqişənin bitməsinə mane olan bir neçə əsas amil var. Tərəflər arasında müəyyən razılaşma cəhdləri olsa da, ortada yekun sənəd yoxdur. Ən əsası, hər iki tərəfin öz daxilində bu razılaşma cəhdləri ilə bağlı ciddi narazılıqlar mövcuddur. ABŞ-də ümumi bir mövqe var, həm vitse-prezident, həm də dövlət katibi Prezident Donald Trampın mövqeyi ilə hesablaşır”.

Ekspert bildirib ki, İsrail isə ABŞ-İran razılaşmasına etiraz edir:
“Prosesdən əsas narazı qalan tərəf ABŞ-nin illərdir müttəfiqi olan İsraildir. İsrailin müdafiə naziri Yisrael Katz heç kəsin gözləmədiyi dərəcədə sərt bir ifadə işlədərək, “Biz Amerika ilə müttəfiqik, onların nökəri deyilik” dedi. Bu, tərəflər arasındakı dərin anlaşılmazlıqdan xəbər verir”.

Siyasətçi qeyd edib ki, İran daxilində də ciddi anlaşılmazlıqlar hökm sürür:
“Xarici işlər naziri Abbas Araqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibaf ittiham olunur; deputatlar onlara qarşı kəskin yazılarla çıxış edir, küçələrdə isə “Araqçiyə ölüm, Qalibafa ölüm” şüarları ilə aksiyalar keçirilir.

Həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxilində də birlik yoxdur. Məlumdur ki, SEPAH-ın razılığı olmadan Araqçi və Qalibaf bu addımları atmazdılar. Bu isə qurumun daxilində fərqli yanaşmaların olduğunu göstərir. Üstəlik, bu vəziyyət SEPAH ilə ali dini rəhbər arasında da ixtilafın yaşandığı təəssüratını yaradır”.

Akif Nağı diqqətə çatdırıb ki, hazırda ABŞ və İranda vahid fikir yoxdur: 
“Hətta tərəflər əvvəlcədən qarşıya qoyduqları fərqli məqsədlərə hələ də nail ola bilməyiblər. Məsələn, İranın əsas məqsədi nüvə ölkəsinə çevrilmək, regionun lider dövləti statusunu qazanmaq, sanksiyalardan xilas olaraq sərbəst şəkildə inkişaf etməkdir.

Eyni zamanda, ehtimal olunan müharibə halında Hörmüz boğazı ilə bağlı ssenarilər də aktuallaşır. İran hələ 15-20 il əvvəl də Hörmüzü bağlamağa və bundan mənfəət əldə etməyə cəhd etmişdi. Hazırda bu planın taleyinin necə olacağı bilinmir”.

Həmsöhbətimiz söyləyib ki, ABŞ-nin isə əsas məqsədi İranı tam nüvəsizləşdirilmiş, özündən asılı bir ölkəyə çevirmək və onların neft-qaz ehtiyatlarını tam nəzarətə götürmək idi:
“Nəticə etibarilə, nə İran, nə də ABŞ öz hədəflərinə çata bilib. Bütün bu amillərin təsiri altında hazırkı razılaşma cəhdlərinin ötəri və müvəqqəti xarakter daşıdığını söyləmək olar. Hazırda yay aylarının həddindən artıq isti hava şəraitinə görə tərəflər aktiv hərbi əməliyyatlara meyl etmirlər”.

Partiya sədri ABŞ ilə İran arasında gərginliyin yenidən artacağını proqnozlaşdırır:
“Böyük ehtimalla, Dünya Çempionatından sonra və ya ondan bir qədər gec gərginliyin yenidən artması gözlənilir. Payız və qış aylarında tərəflər arasında münasibətlərin yenidən kəskinləşəcəyi proqnozlaşdırılır, lakin bu qarşıdurmanın yekun nəticəsini indidən müəyyən etmək çox çətindir”.

Elmir Mustafa

0