ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri Ukraynanın Vaşinqtondakı siyasi dəstəyinə təsir göstərə bilər. Seçkilərin nəticəsindən asılı olmayaraq, Kiyevin müdafiəçiləri sırasında yer alan bir sıra nüfuzlu respublikaçı siyasətçilər Konqresi tərk edəcək. Bu isə Ukraynaya dəstəklə bağlı yeni qanunvericilik təşəbbüslərinin irəli aparılmasını çətinləşdirə bilər.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri “Politico”ya istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ siyasətindən gedənlər arasında Senatın keçmiş çoxluq lideri Mitç Makkonnell, senatorlar Tom Tillis, Bill Kassidi, Con Kornin, həmçinin Nümayəndələr Palatasının üzvləri Don Beykon və Maykl Makkol var.
Amerika Ukrayna Konqres Komitəsinin prezidenti Maykl Savkiv vəziyyəti şərh edərkən Ukraynanın Konqresdəki nüfuzlu tərəfdarlarını itirdiyini bildirib.
Respublikaçı qanunvericilərdən birinin köməkçisi isə bu dəyişikliklərin Ukraynaya real təsir göstərə biləcək qanun layihələrinin sayını azalda biləcəyindən narahatlığını ifadə edib. Onun fikrincə, həm Konqresdə dəstək qazanacaq, həm də Donald Tramp administrasiyasını həmin təşəbbüsləri qəbul etməyə razı sala biləcək senatorlar koalisiyasının formalaşdırılması çətinləşəcək.
Yeni respublikaçıların mövqeyi narahatlıq yaradır
“Politico”nun diqqət çəkdiyi məqamlardan biri də Ukraynaya dəstək verən təcrübəli respublikaçıların yerinə gəlməyə hazırlaşan namizədlərin mövqeyidir. Nəşrin məlumatına görə, onların bir qismi Ukraynaya daha az rəğbət bəsləyir.
Məsələn, Makkonnellin yerinə namizədliyini irəli sürən respublikaçı Endi Barr Ukraynaya dəstək qanun layihəsinin əleyhinə səs verib. Maykl Makkolun mümkün varisi Kris Qober isə İlon Maskın yaratdığı komitədə baş hüquq müşaviri vəzifəsində çalışıb. Maskın Ukraynaya münasibətdə tənqidi mövqeyi də məqalədə diqqətə çatdırılır.
Bununla belə, Ukraynaya dəstək verən respublikaçıların hələ də Tramp administrasiyasının qərarlarına təsir göstərmək imkanları qalır. Konqresdəki respublikaçı Don Beykon da Rusiya ilə bağlı Trampın mövqeyini tənqid edib.
Nəşr qeyd edir ki, demokratların seçkilərdən sonra Konqresin bir və ya hər iki palatasında nəzarəti ələ keçirməsi respublikaçıların siyasi təsir imkanlarını məhdudlaşdıra bilər. Bununla yanaşı, respublikaçılar prezidentlə əlaqə kanalı və veto hüququnun aşılması üçün lazım olan siyasi dəstəyin formalaşdırılmasında əhəmiyyətli rol oynamaqda davam edəcəklər.
“Politico” daha əvvəl yazıb ki, aralıq seçkilərdə respublikaçıların məğlubiyyəti Trampın Avropadakı ABŞ hərbçilərinin sayını azaltması, NATO-ya maliyyə dəstəyini məhdudlaşdırması və Ukraynaya silah tədarükü proqramına yenidən baxması ilə nəticələnə bilər. Digər tərəfdən, “Reuters” demokratların uğurunun Vaşinqtonun Ukraynaya münasibətdə siyasətində dəyişikliklərə və hərbi yardımların bərpasına yol aça biləcəyini qeyd edib.
Samir


