Rusiyanın bir sıra regionlarında dizel yanacağının satışında ciddi problemlər yaranıb. Xüsusilə Sankt-Peterburqda vəziyyət kəskinləşib və hazırda yanacağı şəhərdəki yanacaqdoldurma məntəqələrinin 40 faizindən azında tapmaq mümkündür.
HİT.az xəbər verir ki, Ukraynanın UNIAN agentliyinin məlumatına görə, böhranın səbəblərindən biri Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında rus dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı əldə olunan razılaşmadır.
İqtisadçı Yanis Kluqenin açıqlamasına görə, oktyabrın sonlarında Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələrinin təxminən 70 faizində dizel satıldığı halda, iki həftədən az müddətdə bu göstərici 40 faizdən aşağı düşüb. Hazırkı vəziyyət iyulun sonlarında yaşanan yanacaq böhranını xatırladır.
Leninqrad vilayətindəki bəzi özəl yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər tətbiq edilib. Sürücülərə bir dəfəyə maksimum 30-50 litr dizel almağa icazə verilir. Yanacaqdoldurma məntəqələrində yaranan növbələrdə gözləmə müddəti isə 40 dəqiqəyə çatır.
Oxşar problemlər Sverdlovsk vilayətində də qeydə alınıb. Bəzi məntəqələrdə dizel satışına məhdudiyyət qoyulub, “Tatneft” yanacaqdoldurma məntəqələrində isə bu yanacağın satışı dayandırılıb. Tambov vilayətində də oktyabrın 26-da tədarük problemləri barədə məlumat verilib. Regional əməliyyat qərargahının məlumatına görə, həmin vaxt 214 yanacaqdoldurma məntəqəsindən 29-da dizel yanacağı olmayıb.
İqtisadçı Yanis Kluge hesab edir ki, Rusiya ümumilikdə daxili tələbatı ödəmək üçün kifayət qədər dizel istehsal edir. Lakin ABŞ-a ixracın qısa müddətdə təşkil edilməsi, xüsusilə Sankt-Peterburq yaxınlığındakı Primorsk limanından daşımalar logistika problemlərinə yol açmış ola bilər.
Rusiya-ABŞ yanacaq razılaşmasının detalları
Donald Tramp oktyabrın 9-da Putinlə rus dizel yanacağının tədarükü barədə razılıq əldə edildiyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya oktyabr ərzində ABŞ və dünya bazarlarına 300 min tondan çox, noyabrda isə 500 min ton yanacaq göndərməli, daha sonra əlavə 1 milyon ton tədarük etməli idi.
“Greenpeace” təşkilatının qiymətləndirməsinə əsasən, bu məqsədlə yeddi tankerdən istifadə olunub və onların bir qismi sanksiya altındadır. Bununla belə, Rusiya yanacağının ABŞ-da alıcı tapmaqda çətinlik çəkdiyi bildirilir. Amerika şirkətləri 2022-ci ildən qüvvədə olan sanksiyalar səbəbindən hüquqi risklərdən çəkinirlər. Bu səbəbdən yanacağın Braziliyaya yönləndirilməsi ehtimalı da var.
Kluge ABŞ-ın özünün dizel yanacağının xalis ixracatçısı olduğunu xatırladaraq, ölkənin Rusiya məhsuluna ciddi ehtiyac duymadığını bildirir. Onun fikrincə, Moskva ilə Vaşinqton dünya dizel bazarında rəqib olduqlarından, belə bir razılaşma Amerika şirkətlərinin maraqlarına da mənfi təsir göstərə bilər.
Bundan başqa, Rusiyanın neft emalı sektorundakı problemlər də yanacaq təminatını çətinləşdirir. UNIAN-ın məlumatına görə, oktyabrın 30-da Ukrayna pilotsuz uçuş aparatları Ufa, Volqaboyu və Samara vilayətindəki iri neft emalı zavodlarına hücum edib. Zərərin miqyası hələlik dəqiqləşdirilməsə də, bu hadisələrin Rusiyanın daxili yanacaq bazarındakı vəziyyətə təsir göstərə biləcəyi bildirilir.
Samir


