Uşaq doğulduqdan sonra atalarda depressiya yarana bilər - Psixoloq səbəbləri açıqladı

SOSİAL
20:56 / 20.10.2026
59

Uşağın dünyaya gəlməsi yalnız ana üçün deyil, ata üçün də ciddi emosional gərginlik yarada bilər. Xüsusilə yeni atalar ailədə diqqətin əsasən ana və körpəyə yönəlməsi fonunda özlərini kənarda qalmış hiss edə, qorxu və narahatlıq keçirə bilərlər.

HİT.az-ın məlumatına görə, klinik psixoloq Yevgeniya Zmirenkova bildirib ki, atalıq dövründə yaranan depressiya kişilərdə hər zaman kədər və ruh düşkünlüyü ilə müşayiət olunmur. Bu vəziyyət daha çox əsəbilik, qəzəb tutmaları, soyuqluq və ailə üzvlərindən emosional uzaqlaşma şəklində özünü göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, uşağın doğulması kişinin həyat tərzini və məsuliyyətlərini köklü şəkildə dəyişir. Cəmiyyətdə atanın daim güclü, təmkinli və etibarlı olması gözlənilsə də, reallıqda o, yeni vəziyyətə uyğunlaşmaqda çətinlik çəkə, özünü çaşqın və ailəsindən uzaq hiss edə bilər. Atalıqla bağlı gözləntiləri gerçəkliklə üst-üstə düşmədikdə isə daxili ziddiyyət yaranır. Kişi ətrafındakıların danışdığı böyük sevinc hissini yaşamadığına görə özünü günahkar da hiss edə bilər.

Psixoloq qeyd edib ki, belə hallarda bəzi kişilər işə daha çox vaxt ayırır, idmana və kompüter oyunlarına aludə olur, yaxud yaxınları ilə ünsiyyətdən qaçaraq özünə qapanırlar. Partnyorun söhbətlərə marağının azalması, işdə daha çox qalması və əvvəl sevdiyi məşğuliyyətlərdən uzaqlaşması da diqqət çəkən əlamətlər sırasındadır.

Zmirenkovanın fikrincə, bu davranışlar hər zaman laqeydlik və ya eqoizm anlamına gəlmir. Kişi yaşadığı emosional gərginliyi sözlə ifadə edə bilmədiyi üçün bu cür davranışlara üz tuta bilər. Problemin həllində ilk addım doğuşdan sonra ataların da emosional çətinliklərlə üzləşə biləcəyini qəbul etməkdir. Daha sonra isə cütlüklərin yalnız körpəyə qulluq və məişət məsələlərini deyil, öz hiss və narahatlıqlarını da açıq müzakirə etməsi vacibdir.

Samir

0