Gələn il pensiyalar nə qədər artacaq?

SOSİAL
23:32 / 20.10.2026
74

Əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklər nisbətən aşağı pensiya alan vətəndaşların pensiya məbləğinin daha çox artırılmasına imkan verəcək.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin Milli Məclisdə üçüncü oxunuşda qəbul edildiyini xatırladan deputat bildirib ki, sənəd Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və yeni qaydaların oktyabrın 1-dən tətbiqi nəzərdə tutulur.

V.Bayramovun sözlərinə görə, dəyişikliklərin əsas yeniliklərindən biri pensiyaların indeksləşdirilməsi zamanı diferensial yanaşmanın tətbiq edilməsidir:

“Yeni dəyişikliklər nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına gətirib çıxaracaq. İndeksasiya mexanizmində diferensial yanaşma tətbiq olunacaq. Orta aylıq əməkhaqqı məbləğinədək pensiya alan vətəndaşlarımızın pensiyaları indeksasiya faizinin tam həcmində artırılacaq”.

Deputat qeyd edib ki, orta aylıq əməkhaqqı məbləğindən 5 min manatadək pensiyalar üçün indeksasiya zamanı 0,5 əmsalı tətbiq ediləcək. Pensiyası 5 min manatdan yüksək olan vətəndaşlar üçün isə 0,2 əmsalından istifadə olunacaq.

Onun sözlərinə görə, hazırkı göstəricilər əsasında orta aylıq əməkhaqqı həddinin təxminən 1 200 manat olması nəzərdə tutulur. Buna görə də yeni mexanizmin tətbiqi zamanı pensiyalar üç əsas qrupa bölünəcək.

“Əgər indeksləşdirmə faizi 8 faiz olarsa, 1 200 manatadək pensiyalara 8 faiz tam şəkildə tətbiq ediləcək. 1 200 manatdan 5 min manatadək pensiyalar üçün 0,5 əmsalı nəzərə alınacaq və artım 4 faiz olacaq. 5 min manatdan yüksək pensiyalara isə 0,2 əmsalı tətbiq olunacaq ki, bu da 1,6 faiz indeksləşdirmə deməkdir. Eyni mexanizm indeksasiya faizinin fərqli olduğu hallarda da qüvvədə olacaq. Məsələn, indeksasiya göstəricisi 10 faiz müəyyən edilərsə, orta aylıq əməkhaqqı məbləğinədək pensiyalar 10 faiz, 1 200 manatdan 5 min manatadək pensiyalar 5 faiz, 5 min manatdan yüksək pensiyalar isə 2 faiz artırılacaq”.

V.Bayramov bildirib ki, dəyişikliklərin əsas məqsədlərindən biri pensiya sistemində sosial ədalətin gücləndirilməsi və aşağı pensiya məbləğlərinin daha sürətli artırılmasıdır:

“Burada məqsəd nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğinin daha çox artırılmasıdır. Eyni zamanda, aşağı və yüksək pensiyalar arasındakı fərqin azaldılması, median pensiya məbləğinin yüksəldilməsi də əsas hədəflər sırasındadır”.

Deputatın sözlərinə görə, yeni qaydalar tətbiq edildikdən sonra xüsusilə orta aylıq əməkhaqqı məbləğinədək pensiya alan vətəndaşların ödənişlərində digər pensiya qrupları ilə müqayisədə daha yüksək faizli artım müşahidə olunacaq: “Yeni mexanizmin tətbiqi nisbətən aşağı pensiya alan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə və onların pensiyalarının daha yüksək templə artırılmasına imkan verəcək”.


 

0