Bir vaxtlar kredit yalnız mənzil, avtomobil və ya məişət texnikası kimi yüksək dəyərli alış-verişlər üçün çıxış yolu hesab olunurdu.
Bu gün isə mənzərə tamamilə dəyişib. Artıq insanlar dəyəri cəmi 20-30 manat olan məhsulları belə hissə-hissə ödəməklə almağa üstünlük verirlər. Market alış-verişindən tutmuş geyimə, kosmetikaya, hətta kiçik məişət əşyalarına qədər kredit imkanlarının genişlənməsi bu ödəniş formasını gündəlik həyatın adi bir hissəsinə çevirib.
İlk baxışdan bu, sadəcə rahat ödəniş üsulu kimi görünə bilər. Lakin məsələ daha dərindir. Kiçik məbləğlər üçün belə kreditdən istifadə edilməsi cəmiyyətin maliyyə davranışında ciddi dəyişikliklərin baş verdiyini göstərir. Bir tərəfdən, gəlirlə xərclər arasındakı tarazlığın pozulması insanları hətta cüzi məbləğləri də hissələrə bölməyə sövq edir.
Digər tərəfdən isə “indi al, sonra ödə” modeli istehlak vərdişlərini dəyişdirərək insanlarda borclanmanı adi və normal davranış kimi formalaşdırır. Nəticədə kredit artıq fövqəladə ehtiyacın deyil, gündəlik alış-veriş mədəniyyətinin bir hissəsinə çevrilir.
Mövzu ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, insanların bu dünyada tələbatları sonsuzdur:

“Əksər insanları daha çox pul, mal-mülk və yüksək həyat səviyyəsi cəlb edir. Bununla yanaşı, hər kəs həyatın müvəqqəti olduğunu dərk edir və istədiklərinə daha tez sahib olmağa çalışır. Lakin maddi imkanlar buna hər zaman şərait yaratmadığı üçün bir çoxları ehtiyaclarını və ya arzularını reallaşdırmaq məqsədilə kreditə müraciət edirlər.
Əslində, kreditdən istifadə yalnız aşağı gəlirli insanlara xas deyil. Aylıq gəliri 1000 manat olan da, 20 min manat qazanan da kredit götürə bilir. Bu, müəyyən mənada insanın təbiəti və istehlak davranışı ilə bağlıdır”.
Ekspertin fikrincə, maliyyə və hüquqi savadın yetərli olmaması da bu tendensiyanı gücləndirən amillərdəndir:
“Bəzi insanlar xərclərini planlaşdırmaqda çətinlik çəkir, ehtiyacla istəyi bir-birindən ayırmır və alış-verişdən aldığı qısamüddətli məmnuniyyəti xoşbəxtlik kimi qəbul edir. Digərləri isə mənəvi dəyərlərə, elmə, kitaba, dini və ya şəxsi inkişafına üstünlük verdikləri üçün maddi nemətlərə daha az bağlı olurlar.
Nəticədə bəzi insanlar kreditlə əldə etdikləri əşyaya həqiqətən ehtiyac duyub-duymadıqlarını və gələcəkdə ödənişləri necə edəcəklərini kifayət qədər düşünmürlər. Maliyyə institutları isə təqdim etdikləri kredit məhsulları vasitəsilə bu tələbatı bazar prinsipləri çərçivəsində kommersiya fəaliyyətinə çevirirlər”.
Günel Cəlilova

