Nepalda baş verən dəhşətli sel fəlakəti böyük itkilərə səbəb olmaqla yanaşı, iqlim dəyişikliklərinin yaratdığı riskləri bir daha gündəmə gətirib. Ümumiyyətlə, son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar dünyada güclü yağıntılar, sel və daşqın kimi ekstremal hava hadisələrinin artması müşahidə olunur. Baş verənlər göstərir ki, belə təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, dövlətlərin əvvəlcədən hazırlıqlı olması insan və maddi itkilərin minimuma endirilməsində mühüm rol oynayır.
Son illər Azərbaycanda da havanın yağıntılı keçməsi, eləcə də bu il rayonlarda ciddi sel hadisələrinin müşahidə olunması ölkəmiz üçün də suallar yaradır. Bəs, Azərbaycanda Nepalda olduğu kimi dağıdıcı miqyasda sel hadisəsinin baş verməsi mümkündürmü? Yerli mütəxəssislər mövcud vəziyyəti necə qiymətləndirirlər və belə hadisələrin törədə biləcəyi fəsadları azaltmaq üçün hansı hazırlıq işləri görülməlidir?
Meşələrin qırılması sel riskini artırır
Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, sel riskinin artmasının müxtəlif səbəbləri var: “Burada həm təbii, həm də antropogen amillər mühüm rol oynayır. Antropogen amillərdən biri dağ yamaclarında və dağ dərələrində meşələrin qırılmasıdır. Bu zaman yağıntı suları torpağa kifayət qədər hopmur və səth üzrə sürətlə hərəkət edərək selin gücünü artırır”.
Ekspert qeyd edib ki, sel adi daşqından fərqlənir. Belə ki, sel yalnız sudan ibarət olmur, özü ilə böyük miqdarda daş, qum, torpaq, ağac və digər materialları da gətirir. Bu isə sel kütləsinin dağıdıcı gücünü əhəmiyyətli dərəcədə böyüdür.
S.Səfərovun sözlərinə görə, son dövrlərdə digər mühüm risk amili qısa müddətdə düşən intensiv yağıntıların artmasıdır: “Qlobal istiləşmə atmosferdə rütubət dövranını sürətləndirir. Nəticədə əvvəllər 24 saat ərzində düşən yağıntı indi iki saat ərzində düşə bilər”.
Azərbaycanda əsas təhlükə yağış selləridir
Ekspert Nepalda baş verən sel hadisəsinin Azərbaycan üçün birbaşa müqayisə edilə biləcək nümunə olmadığını vurğulayıb. Onun sözlərinə görə, Nepalda relyef, buzlaqlar və musson yağışları kimi amillərin eyni vaxtda təsir göstərməsi hadisəni daha fərqli və dağıdıcı xarakterə gətirib. “Nepalda baş verən hadisə unikaldır. Orada yüksək dağlıq ərazilərdə böyük həcmdə daimi buzlaqlar mövcuddur. Qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi müşahidə olunur. Yayılan görüntülərdən də görünür ki, zirvədən böyük bir buz parçası qoparaq aşağı doğru hərəkət edir. Bununla yanaşı, buz kütləsi özü ilə iri daşları, torpağı, qumu və ağacları da aşağıya doğru aparır. Beləliklə, sel kütləsi hərəkət etdikcə daha da böyüyür və dağıdıcı gücü artır. Azərbaycanda isə Nepalda baş verən miqyasda buzlaq mənşəli selin yaranması ehtimalı çox aşağıdır. Buna səbəb ölkənin dağlıq ərazilərində belə böyük və sabit buzlaq örtüyünün olmamasıdır. Bizim ölkədə əsasən yağıntılarla əlaqədar yaranan sellər müşahidə olunur. Lakin bu, ölkəmizdə güclü sel təhlükəsinin olmadığı anlamına gəlmir. Yağıntıların intensivliyindən və dağlarda toplanan sel kütləsindən asılı olaraq Azərbaycanda da çox güclü və dağıdıcı sellər baş verə bilər”, – deyə ekspert bildirib.
O, Azərbaycanın tarixində də ağır sel hadisələrinin baş verdiyini xatırladıb. Alimin sözlərinə görə, 1907-ci ildə Şəki ərazisində Şin çayında baş verən güclü sel nəticəsində yaşayış məntəqələrindən biri tamamilə dağılıb və böyük insan tələfatı qeydə alınıb.
Erkən xəbərdarlıq əsas şərtdir
Sel təhlükəsinin qarşısının tam alınmasının mümkün olmadığını deyən S.Səfərov hesab edir ki, əsas məqsəd belə hadisələrin insan itkisi və ciddi maddi zərərlə nəticələnməsinin qarşısını almaq olmalıdır. Ekspertin fikrincə, bunun üçün ilk növbədə erkən xəbərdarlıq sistemləri gücləndirilməlidir: “Azərbaycanda hidrometeoroloji xidmətin tərkibində dörd radar fəaliyyət göstərir. Onların üçü Doppler radarlarıdır. Bu sistemlər vasitəsilə yağıntıların miqdarını əvvəlcədən müəyyənləşdirmək və hava proseslərini izləmək mümkündür”.
S.Səfərovun sözlərinə görə, radar müşahidələri ilə yanaşı, sel riski olan ərazilərdə əvvəlcədən çöl tədqiqatlarının aparılması da vacibdir. Belə araşdırmalar nəticəsində dağ yamaclarında və çay hövzələrində nə qədər sel kütləsinin toplana biləcəyi müəyyənləşdirilə bilər.
S.Səfərov digər vacib tədbirlər sırasında qoruyucu bəndlərin çəkilməsini, çay məcralarının möhkəmləndirilməsini və meşələrin bərpasını göstərib. Onun sözlərinə görə, bitki örtüyü yağıntı sularının sürətini və torpaq eroziyasını azaltmaqla selin gücünün zəifləməsinə kömək edir.
Güclü sel gözlənilə bilər
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da hesab edir ki, Azərbaycanda güclü sel hadisələrinin baş verməsi mümkündür. Amma Nepalda baş verən hadisənin eyni formada Azərbaycanda təkrarlanması gözlənilmir: “Aran rayonlarında belə hadisələrin baş verməsi ehtimalı çox azdır. Nepaldakı hadisənin eyni formada Azərbaycanda təkrarlanması mümkün deyil. Lakin sürüşmələrlə müşayiət olunan sel hadisələri baş verə bilər”.
Dağlıq ərazilər daha yüksək risk altındadır
Ə.Məmmədovun sözlərinə görə, Azərbaycanda sel təhlükəsi əsasən dağlıq ərazilər üçün aktualdır. Xüsusilə çayların keçdiyi ərazilərdə və torpaq qruntlarının dayanıqlığının zəif olduğu zonalarda risk daha yüksəkdir. “Kiçik Qafqaz zonasında çayların keçdiyi ərazilərdə sel yaranma ehtimalı böyükdür. Bu, torpaq qruntlarının kövrək və dayanıqlığının zəif olması ilə də əlaqədardır. Böyük Qafqazda da belə hadisələr baş verə bilər. Quba-Zaqatala zonası bu baxımdan riskli ərazilər sırasındadır”.
Ekspert hesab edir ki, selin fəsadları ilə mübarizədə hadisədən sonra görülən tədbirlərdən daha çox, qabaqlayıcı hazırlıq işlərinə üstünlük verilməlidir. Onun sözlərinə görə, xüsusilə sel təhlükəsi barədə erkən xəbərdarlıq və əhalinin təhlükəli ərazilərdən vaxtında təxliyəsi həyati əhəmiyyət daşıyır: “İnsanlar hava proqnozlarına və verilən xəbərdarlıqlara hazır olmalıdırlar”.
Mənbə: "Kaspi" qəzeti


