“Sevginin bu qədər tez bitdiyini düşünməyimizin əsas səbəbi əslində sevginin dəyişməsi deyil, “sevgi” adlandırdığımız hisslərin çox vaxt həqiqi olmamasıdır”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanlar çox sürətlə bağlanır, həddindən artıq tez ideal obraz yaradır və eyni sürətlə də xəyal qırıqlığı yaşayırlar:
“Çünki çox vaxt insanı yox, onun beynimizdə yaratdığımız obrazını sevirik. Qarşı tərəfin gerçək xarakteri üzə çıxanda isə bunu “sevgi bitdi” kimi qəbul edirik. Əslində isə sevgi ilə vurğunluğu, ehtirası, emosional asılılığı və tək qalmaq qorxusunu tez-tez bir-birinə qarışdırırıq.
Vurğunluq beyində güclü emosional və hormonal reaksiyalar yaradır. Bu mərhələdə insan qarşı tərəfin qüsurlarını görmür, hətta onları cazibədar hesab edir. Lakin zaman keçdikcə bu emosional yüksəliş azalır”.
Ekspert qeyd edib ki, münasibətin təməlində hörmət, etibar və qarşılıqlı zəhmət yoxdursa, insanlar bunu “sevginin bitməsi” kimi qiymətləndirirlər:
“Bəzən isə ümumiyyətlə sevgi deyil, ehtiyaclarımız olur. Bizi başa düşən, boşluğumuzu dolduran, tərk etməyən və ya özümüzü dəyərli hiss etdirən insana bağlanırıq. Bu hissləri sevgi adlandırırıq.
Halbuki ehtiyac dəyişəndə və ya qarşılanmayanda həmin hiss də zəifləyir. Çünki münasibət sevgi üzərində deyil, ehtiyac üzərində qurulub. Müasir münasibətlərə təsir edən başqa bir amil də seçim bolluğudur. Sosial media və tanışlıq platformaları insanlarda daim “daha yaxşı biri var” düşüncəsini yaradır”.
Psixoloqun sözlərinə görə, nəticədə münasibətdə problem yarananda onu həll etmək əvəzinə yeni bir insan axtarmaq daha asan görünür:
“Halbuki uzunömürlü münasibətlərin sirri problemsiz olmaq deyil, problemləri birlikdə həll etməyi bacarmaqdır. Digər mühüm səbəb isə insanların özünü kifayət qədər tanımamasıdır. Öz ehtiyaclarını, sərhədlərini və həyat dəyərlərini bilməyən insan qarşı tərəfi də sağlam meyarlarla seçə bilmir. İlk mərhələdə emosiyalar qərar verir, zaman keçdikcə isə məntiq həmin seçimin uyğun olmadığını göstərir. Bu zaman insanlar yenə də “sevgi bitdi” deyirlər. Halbuki sağlam sevgi təkcə hiss deyil”.
Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, sevgi həm də qərardır, məsuliyyətdir, hörmətdir, etibardır və hər gün bir-birini yenidən seçməkdir:
“Həqiqi sevgi yalnız romantik həyəcan deyil, qarşı tərəfi olduğu kimi görə bilmək, qüsurlarını qəbul etmək və münasibət üçün davamlı səy göstərməkdir. Bəlkə də “Sevgi niyə tez bitir?” sualından əvvəl özümüzə başqa bir sual verməliyik: Bitən doğrudan da sevgi idi, yoxsa sevgi sandığımız keçici bir hiss?
Çünki həqiqi sevgi zaman keçdikcə yox olmur. O, ilkgünkü həyəcanını itirə bilər, amma onun yerini daha dərin bağlılıq, güvən və qarşılıqlı anlayış tutur. Tez bitən isə əksər hallarda sevgi deyil, sevgi zənn etdiyimiz hisslər olur”.
Pərviz



