Uşağın öyrənmək həvəsini artırmağın sirri nədir?

SOSİAL
14:17 / 27.07.2026
156

Eyni sinifdə, eyni müəllimdən dərs alan iki uşaqdan biri öyrənməyə can atır, digəri isə kitabı açmaq belə istəmir. 

Fərqi yaradan nə qiymətlərdir, nə də dərslərin çətinliyi. Çox vaxt uşağın öyrənməyə olan həvəsini formalaşdıran amillər məktəb proqramından daha güclü təsir göstərir. Maraqlıdır, uşağın dərsə marağını artırmaq nə kimi addımlar atılmalıdır? 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, valideynlər çox vaxt uşağı dərsə yaxınlaşdıran əsas amilin nəzarət olduğunu düşünürlər:

405663
 
“Halbuki uşaq öyrənməyə o zaman bağlanır ki, özünü daim yoxlanılan deyil, kəşf edən biri kimi hiss edir. Maraq məcburiyyətdən deyil, mənanın dərk olunmasından doğur. Dərsə həvəsi azalan uşaqların hamısını tənbəl adlandırmaq düzgün yanaşma deyil. Bəzən uşaq kitaba yox, uğursuz görünmək hissinə qarşı müqavimət göstərir. O, səhv etməkdən qorxduğu üçün çalışmağa başlamır”.

Onun sözlərinə görə, belə hallarda problem bilik çatışmazlığından çox, emosional yükdən qaynaqlanır:

“Valideyn evdə yalnız nəticələri soruşursa, uşaq zamanla qiyməti öz dəyəri ilə eyniləşdirir. Əslində isə uşağın inkişafı səhvlərini rahat şəkildə etiraf edə bildiyi mühitdə sürətlənir. Səhvə görə danlanan uşaq növbəti dəfə cəhd etməkdə tərəddüd edir, səhvə görə dəstək görən uşaq isə öyrənməyə davam edir”.

Psixoloq hesab edir ki, uşağın dərsə marağını artırmaq üçün ilk növbədə onun öyrənmə ilə bağlı müsbət emosional xatirələri formalaşdırılmalıdır:

“Hər gün saatlarla dərs oxumaqdan daha vacibi, hər gün öyrənməyin sevindirici bir təcrübəyə çevrilməsidir. Uşaq kitabı açanda gərginlik deyil, maraq hiss etməlidir. Uşaqlar valideynin dediklərindən çox, onun münasibətini mənimsəyirlər. Evdə bilik dəyər kimi təqdim olunursa, sual vermək təşviq edilirsə və öyrənmək həyatın təbii hissəsi kimi yaşanırsa, uşaq da dərsi məcburiyyət yox, öz inkişafına açılan qapı kimi görməyə başlayır”.

Günel Cəlilova

0