Dua sayla qəbul olunur?

SOSİAL
15:15 / 27.07.2026
164

Son dövrlərdə bəzi insanlar müəyyən duaları min dəfə etmək lazım olduğunu düşünürlər.

Məsələn, hansısa duanı 1000, 10 min, hətta 40 min dəfə oxumağın daha təsirli olduğuna inanılır. Artıq bunu xüsusi elektron sayğaclar və mobil tətbiqlərlə hesablayırlar. Hətta elə düşünənlər var ki, göstərilən say tamamlanmasa, dua istənilən nəticəni verməyəcək. 

Bəs bu anlayış dini mənbələrə söykənir, yoxsa sonradan formalaşmış bir ənənədir? İslamda ibadətin dəyəri rəqəmlə müəyyən edilir, yoxsa səmimi qəlblə edilən dua daha önəmlidir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, hədislərdə müəyyən duaların və zikrlərin bir neçə dəfə təkrarlanması tövsiyəsi var: 

405678

“Bunun üçün də müsəlmanlar arasında təsbehdən istifadə olunur. İndi isə müasir hesablayıcılar meydana çıxıb. Məsələn, Peyğəmbərdən nəlq olunan mötəbər hədislərə görə hər namazdan sonra 3 bölümdə 33 dəfə müəyyən zikirlərin təkrarlanması buyurulur. Bu kimi bəzi dua və Allahın isimlərinin müxtəlif sayda ibadət məqsədi ilə təkrar edilməsi ənənəsi var. Lakin bu məsələni təhrif edib bütün dua və zikrlərə aid etmək doğru olmaz. 

Çünki bu da var ki, Həzrət Məhəmməd Peyğəmbər bir dəfə səhabələrin bir guşəyə çəkilib günlərini sırf zikr və dua ilə keçirdiklərini gördü və onları tənbeh etdi. Buyurdu ki, heç bir işdə ifrata varmayın, gedib ailənizin qayğıları ilə, məişət işlərinizlə məşğul olun, çünki bu da bir ibadət, yaxud ibadətin növüdür”.

İlahiyyatçı bildirib ki, dində təhrif etmək, ifrata varmaq, günün əksər hissəsini zikr və müxtəlif sayda dualara sərf etmək bəyənilmir:

“Müəyyən kəlimələrin həddindən artıq sayda dayanmadan təkrar edilməsi insanın beynində və ruhi aləmində problemlərə də yol aça bilər ki, İslamda da insanın bütün orqanları əmanət sayılır, onu qorumaq əmr olunur. Təsbeh və müasir zikr hesablayıcı alətlərlə dua, zikr etmək olar.

Amma ifrata varmaq, on minlərlə, yüz minlərlə bəzi sözləri təkrarlamaq, gündəlik zamanın böyük hissəsini buna sərf erkən ifrata varmaqdır. Hər şey öz qaydasında və miqdarında olmalıdır. Yalnız hədislərdə göstərilən saylarda zikr etmək mümkündür. Bu da vacib və ya hökm deyil, sadəcə əlavə savab qazanmaq üçün bir tövsiyə, yaxud Peyğəmbərin ənənəsi, sünnətidir”.

Günel Cəlilova

0