Bakı Qızlar Universitetinin müəllimləri işlə təmin olunacaq?

SOSİAL
18:38 / 03.08.2026
52

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürüləcəyi açıqlanıb. Universitetdə çalışan müəllimlərin gələcək fəaliyyəti ilə əlaqədar isə hələlik rəsmi məlumat verilməyib. Bu da sosial şəbəkələrdə müəllimlər arasında müzakirələrə səbəb olub. Onlar fəaliyyətlərini harada davam etdirəcəkləri ilə bağlı suallar səsləndirirlər.

Bəs ümumiyyətlə, ali təhsil müəssisəsi fəaliyyətini dayandırdıqda müəllimlərlə bağlı hansı mexanizmlər tətbiq olunur? Öncəki təcrübələrə əsasən, bu barədə hansı yanaşmalardan istifadə edilib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirir ki, yaxın zamanda müvafiq qərarların qəbul olunacağı gözlənilir.
 
“Bakı Qızlar Universitetində çalışan müəllimlərin bir qisminin eyni zamanda digər ali təhsil müəssisələrində də fəaliyyət göstərirdiyini nəzərə almaq lazımdır. Yəni onlar yalnız bir universitetdə işləmirdilər.

Ümumilikdə isə yüksək ixtisaslı pedaqoji kadrların digər ali təhsil müəssisələrində işlə təmin olunması mümkündür.

Bu prosesin Elm və Təhsil Nazirliyi, eləcə də tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tənzimlənəcəyi qənaətindəyəm”.

E.Əfəndinin sözlərinə görə, əvvəlki illərdə fəaliyyətini dayandıran ali təhsil müəssisələrinin təcrübəsinə baxdıqda da bu tənzimlənməni görmək mümkündür. Həmin universitetlərdə çalışan müəllimlərin bir hissəsi sonradan digər ali təhsil müəssisələrində işlə təmin olunub və pedaqoji fəaliyyətlərini davam etdiriblər.
 

0