Quşların nəğməsi ilə insan nitqi arasında ortaq xüsusiyyətlər aşkarlandı

MARAQLI
19:19 / 11.11.2026
22

Alimlər quşların oxuması ilə insanların danışığı arasında dünyanın müxtəlif dillərində və quş növlərində müşahidə olunan ümumi qanunauyğunluqlar müəyyən ediblər. Araşdırmaya görə, səs tonları arasındakı kiçik fərqlər, nizamlı ritm və ifadənin sonundakı səsin uzadılması həm insan nitqində, həm də quş nəğmələrində özünü göstərir.

HİT.az xəbər verir ki, Kanadanın Makqill Universitetinin bioloqları tərəfindən aparılan tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 350-dən çox quş növünün səsi təhlil edilib. Tədqiqatçılar bülbüllər və digər oxuyan quşlarla yanaşı, kolibrilərin, eləcə də nəğmələrini anadangəlmə instinktlə ifa edən bəzi quş qruplarının səslərini araşdırıblar.

Alimlər “xeno-canto” platformasından əldə edilən səs yazılarında təxminən 70 min vokal elementi müəyyənləşdirərək onları 52 dildə insan nitqi və mahnı nümunələri ilə müqayisə ediblər. Nəticədə hər iki qrupda oxşar akustik xüsusiyyətlər üzə çıxıb.

Tədqiqatın diqqətçəkən məqamlarından biri quşların nəğmə öyrənmə qabiliyyəti ilə bağlıdır. Bəzi quşlar səsləri təqlid yolu ilə öyrənir. Bu baxımdan onların davranışı uşaqların danışmağı mənimsəməsinə bənzəyir. Digər quşlar isə nəğmələrini heç kimdən öyrənmədən, anadangəlmə bacarıq əsasında ifa edirlər.

Alimlər əvvəlcə insan nitqi ilə oxşarlığın daha çox nəğmə öyrənən quşlarda müşahidə olunacağını ehtimal edirdilər. Lakin nəticələr bu fərziyyəni təsdiqləməyib. Ümumi xüsusiyyətlər hər iki quş qrupunda qeydə alınıb.

Araşdırmanın ilk müəllifi Loqan Ceyms hesab edir ki, bu oxşarlıqlar insanlarda və quşlarda səsin yaranması və qavranılması mexanizmlərinin müəyyən ortaq cəhətlərə malik olması ilə bağlıdır. Məsələn, həm insanlar, həm də quşlar bir səs tonundan digərinə kəskin keçməkdə çətinlik çəkirlər. İfadənin və ya nəğmənin sonundakı səsin uzadılması isə nəfəsalma xüsusiyyətləri ilə əlaqəli ola bilər.

Tədqiqatın rəhbərlərindən professor Con Sakata bildirib ki, əldə olunan nəticələr indiyədək kifayət qədər diqqət yetirilməyən, nəğmə oxumağı öyrənməyən quşların da daha dərindən araşdırılmasına təkan verə bilər.

Alimlər hesab edirlər ki, bu araşdırma insanlarla heyvanlarda səs və eşitmə qabiliyyətinin bioloji əsaslarını anlamaq üçün yeni imkanlar yaradır.

Samir

0