Alimlər başqa planetlərdə və peyklərdə həyat əlamətlərini aşkar etməyə kömək edə biləcək yeni cihaz hazırlayıblar. Elektrik cərəyanı və süni intellekt əsasında işləyən texnologiya ayrı-ayrı amin turşusu molekullarını müəyyənləşdirərək onların növünü təyin edə bilir.
HİT.az xəbər verir ki, Yaponiyanın Osaka Universitetinin ABŞ-dan olan həmkarları ilə birgə hazırladığı qurğunun nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Amin turşuları canlı orqanizmlər üçün vacib olan zülalların əsas tərkib hissələridir. Bu maddələr molekullarının güzgü əksi formasında yerləşməsinə görə iki növə bölünür. Yer üzündəki canlılar əsasən bu növlərdən birindən istifadə edir. Cansız təbiətdə isə hər iki formaya, adətən, bərabər miqdarda rast gəlinir.
Bu səbəbdən amin turşularının bir növünün digərindən nəzərəçarpacaq dərəcədə çox olması başqa planetlərdə həyatın mövcudluğuna dair mümkün göstəricilərdən biri hesab edilir.
Yeni cihaz molekulun növünü elektrik cərəyanındakı dəyişikliklər əsasında müəyyənləşdirir. Bunun üçün alimlər ucları arasında olduqca kiçik boşluq olan nazik qızıl naqildən istifadə ediblər. Molekul həmin boşluqdan keçərkən elektrik cərəyanında ani dəyişiklik yaranır. Süni intellekt vasitəsilə öyrədilmiş kompüter proqramı isə bu dəyişiklikləri təhlil edərək molekulun hansı növə aid olduğunu müəyyən edir.
Tədqiqatçılar qurğunu 19 növ amin turşusu üzərində sınaqdan keçiriblər. Nəticədə cihaz molekulların növünü orta hesabla 88 faiz dəqiqliklə müəyyənləşdirib.
Daha sonra texnologiya real nümunələr üzərində yoxlanılıb. Bunlara Mörçison meteoriti və Marsın səthinə bənzər bəzi xüsusiyyətlərə malik Çilidəki Atakama səhrasından götürülmüş torpaq nümunəsi daxil olub. Qurğu nümunələrin tərkibindəki bəzi xüsusiyyətləri müəyyən edə bilsə də, ayrı-ayrı nəticələr standart laboratoriya avadanlıqlarının göstəricilərindən fərqlənib.
Alimlər vurğulayırlar ki, amin turşularının bir növünün üstünlük təşkil etməsi özlüyündə həyatın mövcudluğunu sübut etmir. Bunun üçün maddələrin digər xüsusiyyətləri də araşdırılmalıdır.
Hazırda cihaz laboratoriya prototipi mərhələsindədir. Tədqiqatçılar gələcəkdə onun ölçülərini kiçildərək kosmik missiyalarda istifadəyə uyğunlaşdırmağı planlaşdırırlar. Bu texnologiya perspektivdə Marsda, asteroidlərdə və planetlərin buzlu peyklərində torpaq və digər maddələrin birbaşa tədqiqinə imkan yarada bilər.
Samir


