Alimenti artırmaq çıxış yoludur?

SOSİAL
15:47 / 09.09.2026
173

Ərzaqdan geyimə, təhsildən tibbi xidmətə qədər uşaqların gündəlik ehtiyaclarının qiyməti dəyişdikcə boşanmış ailələrdə aliment məsələsi də yenidən müzakirə mövzusuna çevrilir. 

Valideynlərdən birinin ödədiyi məbləğin uşağın real ehtiyaclarını qarşılamadığı fikri səsləndirilir. Digər tərəfdən isə alimentin artırılmasının valideynin maddi imkanları nəzərə alınmadan tətbiq edilməsinin yeni sosial problemlər yarada biləcəyi vurğulanır.

Qeyd edək ki, 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat müəyyən edilib. Bu rəqəm ötən illə müqayisədə artırılıb və hazırda alimentin minimum məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir.

Lakin 260 manatın uşağın bütün aylıq ehtiyaclarını tam qarşıladığını söyləmək də çətindir. Xüsusilə məktəb xərcləri, geyim, dərman, nəqliyyat, qidalanma və digər ödənişlər nəzərə alındıqda uşağın real aylıq xərcinin bundan daha yüksək olduğu ailələr az deyil.

Məsələnin digər tərəfi isə aliment ödəyən valideynin gəliridir. Təsəvvür edək ki, bir şəxsin aylıq qazancı 500-800 manatdır. Həmin şəxsin üzərinə 260 manatdan daha yüksək aliment öhdəliyi qoyulduqda onun özünün kirayə, kommunal, ərzaq, nəqliyyat və digər zəruri xərclərini qarşılamaq imkanları ciddi şəkildə məhdudlaşa bilər. Bu halda uşağın təminatını yaxşılaşdırmaq məqsədi ilə atılan addım başqa bir sosial problemin yaranmasına səbəb ola bilər.

Üstəlik, aliment sistemi yalnız sabit rəqəm üzərində qurulmur. Azərbaycan qanunvericiliyinə əsasən, bir uşaq üçün aliment, ümumi qayda olaraq, valideynin qazancının və digər gəlirlərinin dörddə biri həcmində müəyyən edilir. İki uşaq olduqda bu pay üçdə bir, üç və daha çox uşaq olduqda isə gəlirin yarısı təşkil edir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq bu payı artıra və ya azalda bilər.

Bu baxımdan problemin həllini yalnız “aliment artırılsın” tələbinə bağlamaq nə uşağın, nə də valideynin maraqlarını tam əhatə edir. Əsas məsələ uşağın layiqli yaşayışı necə təmin edilməlidir? Bunun üçün aliment mexanizmi ilə yanaşı, uşaqlı ailələrə dövlət dəstəyinin genişləndirilməsi, aztəminatlı ailələr üçün əlavə sosial ödənişlərin tətbiqi, məktəb və tibbi xərclərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması kimi alternativlər də müzakirə oluna bilər.

Məsələn, gəliri aşağı olan valideynlə yüksək gəlir əldə edən valideynə eyni maliyyə yükünün tətbiqi əvəzinə, ödənişin valideynin real gəlirinə uyğun diferensiallaşdırılması daha ədalətli model ola bilər. Eyni zamanda uşağın əsas ehtiyaclarının müəyyən hissəsinin sosial proqramlar vasitəsilə qarşılanması həm uşağın mənafeyini qoruyar, həm də aliment ödəyən valideynin tamamilə maliyyə çətinliyi qarşısında qalmasının qarşısını ala bilər.

Sevinc

0