Son günlərdə pomidor qiymətlərində bahalaşma müşahidə olunur.
Ona görə də Hit.az-ın əməkdaşı bazarda pomidor qiymətləri ilə tanış olub.
Məlum olub ki, pomidora olan tələbatın kəskin artması qiymətlərə təsir göstərib. Son günlər vətəndaşların qış mövsümü üçün tədarük görməsi bazarlarda böyük canlanmaya səbəb olub. Əhali qışlıq salatlar və ya yeməklər hazırlamaq üçün pomidor alırlar. Artan bu tələbat fonunda isə piştaxtalarda pomidorun satış qiymətində nəzərəçarpan bahalaşma müşahidə olunur.
Hazırda bazarlarda topdansatış kimi təklif olunan bir yeşik pomidorun qiyməti 10-11 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, bir yeşikdə orta hesabla 16-17 kiloqram məhsul olur. Tərəvəzin növündən, ölçüsündən və keyfiyyətindən asılı olaraq bəzi yeşiklərin qiyməti hətta 13-14 manata qədər yüksəlir.
Müqayisə üçün qeyd edək ki, cəmi bir neçə həftə əvvəl eyni çəkidə olan yeşiyi 8-9 manata almaq mümkün idi. Qısa müddətdə baş verən bu qiymət artımı xüsusilə böyük həcmdə alış-veriş edən alıcıların narazılığına səbəb olub. Alıcılar mövsümün qızğın vaxtında qiymətlərin bu dərəcədə qalxmasını süni artım kimi qiymətləndirirlər.
Satıcılar isə bahalaşmanı bölgələrdən gətirilən məhsulun azalması və daşınma xərclərinin artması ilə izah edirlər. Onların sözlərinə görə, mövsümi tələbat pik həddə çatdıqda bu cür qiymət tərəddüdləri adətən qaçılmaz olur. Buna baxmayaraq, qış tədarükünü gecikdirmək istəməyən vətəndaşlar yüksək qiymətə rəğmən alış-verişə davam edirlər.
Pərviz


