Rusiya – Ukrayna müharibəsi başa çatır?

DÜNYA
13:23 / 07.09.2026
218

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında yeni danışıqlar başlayıb.

Daha dəqiq desək, ABŞ Prezidenti Donald Tramp tərəfindən yeni sülh planı hazırlanıb. Bununla bağlı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner əvvəlcə Rusiyaya, sonra isə Ukraynaya səfər ediblər. Bu isə Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb. 

Maraqlıdır, bu təmaslar münaqişənin dayandırılması istiqamətində real nəticə verə bilərmi?

Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında deyib ki, Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin uzunmüddətli strateji planının tərkib hissəsidir: 

“ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin əsas strategiyası qorunur və həyata keçirilir. Taktiki gedişlərdə isə fərqli addımlar atıla bilər. ABŞ-nin hazırkı Prezidenti Donald Tramp da açıq şəkildə bəyan edib ki, bu münaqişəni sabiq prezident Co Bayden yaradıb. Bayden kim idi? ABŞ prezidenti idi və Amerika strategiyasını həyata keçirən şəxs olmuşdu. İndi isə həmin siyasəti Tramp davam etdirir. 

Bəs ABŞ-nin strategiyası nədən ibarətdir? Burada əsas məsələ ondan ibarətdir ki, ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, strateji xətt qorunmalıdır. Bu strategiyaya görə, dünya birqütblü olmalı və qlobal sistemdə əsas idarəedici güc ABŞ olmalıdır. Vaşinqtonun dominant mövqeyinə təhlükə yaradan amillər isə aradan qaldırılmalıdır”.

Onun bildirdiyinə görə, ABŞ üçün üç əsas təhlükə mənbəyi var:

“Bunlardan biri hərbi gücünə görə Rusiyadır. İkincisi iqtisadi gücünə görə Çindir. Üçüncüsü isə maliyyə gücünə görə Avropanın pul vahidi olan avrodur. Bu strategiyanı qorumaq, ABŞ-nin dominant mövqeyinə təhlükə yaradan amilləri aradan qaldırmaq üçün müxtəlif dövrlərdə fərqli taktiki gedişlər həyata keçirilib. Ukrayna münaqişəsi də məhz bu baxımdan qiymətləndirilməlidir. Rusiya hərbi gücünə görə ABŞ üçün təhlükə hesab edildiyindən, onu həm iqtisadi, həm də hərbi baxımdan zəiflətmək üçün münaqişəyə cəlb etmək lazım idi. 

Rusiya ətrafında demokratiya ideyası altında rəngli inqilablar həyata keçirilib, onun qonşuluğunda yerləşən dövlətlərdə siyasi dəyişikliklər baş verib və həmin ölkələrdə Rusiyaya qarşı istifadə oluna biləcək şəxslər hakimiyyətə gətirilib. NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi siyasəti də bunun tərkib hissəsidir. Gürcüstanda Mixeil Saakaşvilinin hakimiyyətə gətirilməsi və Gürcüstanın Rusiyaya qarşı istifadə olunması da bu siyasətin nümunələrindən biridir”.

409118

Ekspert xatırladıb ki, Ukraynada isə demokratiya ideyası adı altında 2014-cü ildə başlayan proseslər nəticədə hazırkı qarşıdurmaya gətirib çıxardı:

“Rusiya-Ukrayna münaqişəsinin təsadüfi yaranmayıb və uzunmüddətli layihənin nəticəsidir. Trampın da bu strategiyadan kənara çıxması ABŞ daxilində ciddi siyasi nəticələrə səbəb ola bilər. Bu münaqişə təsadüfi yaradılmayıb, uzunmüddətli bir layihənin nəticəsində meydana gəlib. Tramp da bu siyasəti həyata keçirməlidir. Əgər Tramp sözün həqiqi mənasında Rusiya-Ukrayna münaqişəsini dayandırarsa, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif addımlar atıla bilər. İmpiçment məsələsi gündəmə gətirilərək müxtəlif bəhanələrlə Tramp hakimiyyətdən uzaqlaşdırıla bilər.

Trampın seçki kampaniyası zamanı verdiyi vədlərlə prezidentlik dövründə atdığı addımlar arasında fərq var. Tramp seçkilər dövründə özünü sülhməramlı kimi təqdim edirdi. Hakimiyyətə gələrsə, dünyadakı münaqişələri dayandıracağını, Rusiya-Ukrayna münaqişəsini də qısa müddətdə aradan qaldıracağını bəyan edirdi. Lakin nəticə fərqli oldu. Trampın hakimiyyətə gəlməsi ilə dünyada yeni münaqişə ocaqları yarandı. Amerika Venesuelanı işğal etdi, İranda hərbi əməliyyat başladı, Qəzzada soyqırımı siyasətində bu və ya digər formada iştirak etdi. Ukrayna münaqişəsini dayandıracağını vəd etsə də, münaqişə hələ də davam edir. Yəni Trampın verdiyi bəyanatlarla əməlləri arasında böyük fərq var”.

A.Məsiyev əlavə edib ki, son vaxtlar Tramp Rusiya ilə danışıqları intensivləşdirərək müəyyən imic qazanmağa çalışır:

“Amerikada Trampın imici sürətlə aşağı düşüb. Qarşıdan Konqres seçkiləri gəlir. Əgər bu seçkilərdə demokratlar mütləq qələbə qazansalar, Trampın impiçment məsələsi gündəmə gələ bilər. Ona görə də Tramp çalışır ki, istər İran münaqişəsində, istərsə də Rusiya-Ukrayna münaqişəsində hər hansı bir danışıq və nəticə əldə etsin və bunu Amerika ictimaiyyətinə təqdim etsin. Yəni verdiyi bəyanatlara və sözə əməl etdiyini göstərmək istəyir. 

Rusiya-Ukrayna münaqişəsinin uzanmasının arxasında həm Rusiyanın, həm də Avropanın zəiflədilməsi məqsədi dayanır. Rusiya-Ukrayna münaqişəsi ABŞ-ın strateji planının tərkib hissəsidir. Bu münaqişə uzunmüddətli bir faciəyə keçməlidir. Rusiya hərbi gücünə görə zəifləməlidir, Avropa isə iqtisadi gücünə görə zəifləməlidir. Amerikanın apardığı təbliğat da göstərir ki, Rusiya ilə Avropa arasında münaqişənin başlaması lazımdır. Bu, Amerika üçün sərfəli layihədir. Çünki Avropa iqtisadiyyatının çökməsi üçün Rusiya ilə hərbi münaqişəyə girməsi lazımdır”.
 
Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, ABŞ-nin qlobal gücünün əsas dayaqlarından biri dollardır: 

“Amerika imperatorluğunun gücü tankda, topda, raketdə deyil, onun pul vahidi olan dollardadır. Dollar dünya bazarında valyuta kimi zəifləyirsə, Amerika imperatorluğu da zəifləmiş olur. Dollar nə vaxt zəifləyir? O zaman ki, dollara alternativ valyuta yaranır. Bu gün dünyada dollara alternativ avro var. Avropa ilə Rusiya arasında iqtisadi və siyasi münasibətlər inkişaf etdikcə Avropanın iqtisadiyyatı, bununla paralel olaraq avro da güclənirdi. Avropa ilə Rusiya arasında münasibətlərin yaxşı olması isə Amerikanın maraqlarına uyğun deyildi. 

Bu baxımdan Avropa-Rusiya iqtisadi əlaqələrinin zəiflədilməsi ABŞ strategiyasının əsas istiqamətlərindən biridir.Avronun dünya valyutası kimi dövriyyədən çıxması üçün Avropa iqtisadiyyatı çökməlidir. Avropa iqtisadiyyatı isə o zaman çökə bilər ki, Rusiya ilə əlaqələri kəsilsin və Rusiya ilə hərbi münaqişəyə girilsin. Ukrayna münaqişəsi başlamazdan əvvəl Avropanın Rusiyada 800 milyard dollar həcmində sərmayəsi var idi. Avropa ilə Rusiya arasında iqtisadi və siyasi münasibətlər inkişaf etdikcə Avropanın pul vahidi olan avro da güclənirdi”. 

Həmsöhbətimizin fikrincə, Avropa iqtisadiyyatının güclənməsi onun valyutasının möhkəmlənməsi demək idi: 

“Amerika Almaniyaya təzyiq edirdi ki, “Şimal axını 2” qaz kəməri çəkilməsin. Həmin dövrdə hakimiyyətdə olan Angela Merkel hökumətinə ciddi təzyiqlər var idi. Kəmərin tikintisində iştirak edən şirkətlərə də sanksiyalar tətbiq edilirdi. Məqsəd Avropaya enerji axınının dayandırılması idi. İqtisadiyyatın iki əsas şərti var: biri qaz, digəri xammaldır. Avropa bu iki komponenti Rusiyadan alırdı. Ucuz qaz və ucuz xammal Avropa iqtisadiyyatının güclənməsinə imkan verirdi. 

“Şimal axını 2”nin qarşısının alınması vacib idi ki, Avropaya qaz axını davam etməsin. Almaniyaya bununla bağlı ciddi təzyiq göstərildi. Buna baxmayaraq, “Şimal axını 2” qaz kəməri çəkildi. Sonrakı mərhələdə Rusiya ilə Ukrayna arasında münaqişənin başlaması və “Şimal axını 2”nin partladılması Avropanın enerji təminatına ciddi təsir göstərib. Nəticədə Rusiya ilə Ukrayna arasında münaqişə yarandı. Bu münaqişənin fonunda “Şimal axını 2” qaz kəməri partladıldı. Avropaya Rusiyadan axan ucuz qaz dayandırıldı, xammal təchizatı da zəiflədi. Bu gün artıq Avropa iqtisadiyyatı çökməyə doğru gedir. Məqsəd Avropa iqtisadiyyatının zəifləməsi və onun pul vahidi olan avronun dünya valyutası kimi mövqeyini itirməsidir. Rusiya hərbi gücünə görə münaqişəyə cəlb edilməklə zəiflədildi, Rusiya ilə Avropa arasında əlaqələr kəsildi, Avropa iqtisadiyyatı zəiflədi və nəticədə avronun dəyəri də aşağı düşməyə doğru gedir”. 

Müsahibimizin sözlərinə görə, danışıqlar mərhələsində elə bir görüntü yaradılır ki, guya Tramp Rusiya-Ukrayna münaqişəsini dayandırmaq istəyir: 

“Əsla belə deyil. Sadəcə atəşkəs əldə etmək istəyirlər ki, Ukraynanın əlini gücləndirsinlər və münaqişə uzunmüddətli bir faciəyə keçsin. Bu münaqişənin səbəbkarı, layihənin təşkilatçısı və sifarişçisi Birləşmiş Ştatlardır. Bayden dövründə ABŞ aktiv formada iştirak edirdisə, Tramp passiv formada iştirak edir. Tramp deyir ki, ABŞ Ukraynaya maliyyə dəstəyi verməyəcək, maliyyəni Avropa verməlidir. Avropa dövlətləri yüz milyardlarla dolları Ukraynaya dəstək üçün verir və Amerikadan silah-sursat alınır. Nəticədə yüz milyardlarla dollar xərclənir. Həmin vəsait Avropa iqtisadiyyatına qoyulsaydı, Avropa iqtisadiyyatı daha da güclənərdi. 

Məqsəd Avropa iqtisadiyyatını çökdürmək və Rusiya ilə uzunmüddətli konfrontasiya yaratmaqdır. aİnformasiya və psixoloji təbliğat da daha geniş qarşıdurma ssenarisinin hazırlanmasına xidmət edir. Aparılan təbliğat ondan ibarətdir ki, Birləşmiş Ştatlar bu münaqişənin Avropa ilə Rusiya arasında baş verməsi ssenarisini hazırlayır. İlk baxışda görüntü yaradılır ki, guya Ukrayna ilə danışıqlar aparılır, guya atəşkəs və sülh əldə etmək istəyirlər. Əslində isə münaqişədə faktiki olaraq NATO ilə Rusiya arasında savaş gedir. De-fakto NATO bu müharibədə iştirak edir. Ukrayna isə sadəcə bir poliqondur”.

Ekspert Rusiya tərəfinin hazırda həm hərbi, həm də siyasi baxımdan üstün mövqedə olduğunu söyləyib: 

“Artıq beş ilə yaxındır ki, bu savaş gedir və nəticədə həm siyasi, həm də hərbi müstəvidə Rusiya qalib tərəfdir. Rusiya hərbi baxımdan ona görə qalibdir ki, Ukraynanın 20-25 faiz ərazisinə nəzarət edir və getdikcə Ukraynanın dərinliklərinə doğru irəliləyir. Bu, NATO ilə Rusiya arasında gedən savaşdır. Ukrayna sadəcə poliqondur. Ümumiyyətlə, siyasi müstəvidə də Rusiya üstünlük əldə edib. Rusiya siyasi müstəvidə də qalibdir. Çünki danışıqlar prosesində diktə edən tərəf Rusiyadır. Şərtləri Rusiya qoyur. Rusiyanın şərtləri qəbul edilməyincə münaqişənin dayanması real görünmür. 

Rusiya ilə ABŞ arasında danışıqların intensivləşməsi də məhz bu vəziyyətlə əlaqədardır. Artıq münaqişənin şərtlərini diktə edən tərəf Rusiya olduğuna görə, Rusiya ilə Amerika arasında danışıqlar intensiv xarakter alır. Məqsəd münaqişəni bir qədər dondurmaq və Ukraynanın əlini gücləndirməkdir. Ukrayna ekspertləri də qeyd edir ki, Ukraynanı hərbi baxımdan lazımi silah-sursatla təmin etmək mümkün deyil. Ukraynanın hava hücumundan müdafiə sistemi də kifayət etmir. Rusiyanın hücumlarının qarşısını almaq getdikcə daha çətinləşir”.

Sevinc

0