Rusiyanın nüvə həmləsi nə qədər realdır?

DÜNYA
12:00 / 07.09.2026
213

Son günlərdə Rusiya – Ukrayna müharibəsi ilə bağlı müxtəlif iddialar səsləndirilməyə davam edir.

Həftəsonu ABŞ nümayəndə heyəti Moskva və Kiyevə səfər etdi. Buna baxmayaraq, sensasion iddialar səngimir. Belə ki, Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcəyi deyilir. Hətta bununla bağlı hazırlıq getdiyi də önə sürülür. 

Mövzu ilə bağlı Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlama verib. 

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin proqnozlaşdırılan müddəti dəfələrlə aşması, tərəflərin ciddi iqtisadi və siyasi itkilərə məruz qalması, döyüşlərin davam etdirilməsi üçün maddi resursların gündən-günə azalması bəzi siyasi analitiklərdə nüvə silahının tətbiqinə keçidlə bağlı passiv fikirlər oyandırıb:
“Təbii ki, söhbət geniş nüvə arsenalına malik Rusiyanın müharibədə taktiki nüvə silahından istifadə etməsindən gedir. Bu mülahizələr nə dərəcədə həqiqət ola bilər? İlk baxışdan, demək olar ki, bəli, Rusiyanın taktiki nüvə silahına əl atmaq imkanı tamamilə realdır.

Lakin dərhal da qeyd etmək lazımdır ki, bu, ancaq ehtimal olaraq qalır. Çünki nüvə silahının fəsadları elə bir güclü rezonansa malikdir ki, onun zərərini hücum edən tərəf hücuma məruz qalan tərəf qədər görə bilər. Bu, birinci variantdır”.

Ekspertin sözlərinə görə, indiki beynəlxalq şəraitdə heç bir nüvə dövləti bu silahı işlətməkdə özbaşınalıq edə bilməz:
“Ona görə ki, bu silahın tətbiqi onlarla, yüzlərlə dövlətə ciddi ziyan vura, bəlkə də hansısa dövlətlərin tamamilə məhvinə səbəb ola bilər. Buna isə yalnız “ağlını itirmiş” səlahiyyət sahibi cəsarət edər və bununla da həyatını və ya təmsil etdiyi dövləti çıxılmaz vəziyyətə salar. Rusiya dünyanın ən böyük nüvə arsenallarından birinə malikdir.

Buna strateji və taktiki nüvə silahları daxildir. Bu ölkə nüvə doktrinasını 2024-cü ildə yeniləyib. Doktrinada nüvə silahından istifadənin mümkün olduğu halların dairəsi əvvəlkindən daha geniş təsvir edilib. Bu dəyişiklik Rusiyanın nüvə həddini müəyyən qədər aşağı salmaq məqsədi daşıyan siqnal kimi qiymətləndirilir”.

N. Novruzov hesab edir ki, müharibənin gedişində Rusiya dəfələrlə nüvə silahından istifadə ehtimalına işarə edib:
“2024-cü ilin mayında Rusiya taktiki nüvə silahları ilə bağlı təlimlər keçirib. Aydın məsələdir ki, bu, siyasət opponentlərə siqnal vermək üçündür. Belə ki, 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynada qələbə qazanmaq üçün nüvə silahından istifadəyə ehtiyac görmədiyini bildirmişdi.

Onun sözlərinə görə, vəziyyət Rusiyanın nüvə doktrinasında nəzərdə tutulan həddə çatmayıb. Ümumilikdə, Rusiyanın zəngin nüvə arsenalına sahib olması onun Ukraynaya bu silahla zərbə endirməsi demək deyil. Hansısa siyasi şərhçinin ehtimallar üzərində qurulmuş hipotezlərinə qulaq asmaq olar, ancaq qəbul etmək yox”.

Elmir Mustafa

0