“Ailədaxili mübahisələrin mövzusu və səbəbləri fərqli olur”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O, bunun fərqlərindən danışıb:
“Ailədə iki insan arasında olan mübahisə ailədaxili mübahisə olur. Həmçinin, ailələrarası mübahisələr də yaşanır. İki insan arasında olan mübahisə xəyanət, güvənsizlik və ya yalan üzərindən deyilsə mübahisələrin həlli prosesi asan olur. Sadəcə zamanla, bir-birini tanımaqla, dərin yaralamadan öhdəsindən gəlmək mümkündür.
Ancaq digər səbəblər üçün səbəbkarın şəxsiyyətinin strukturunda, “mən”ini düzgün ifadə etmə yetərsizliyini, kompleks problemlərini aşıb məsələni həll etmək lazımdır ki, burda da mütəxəssis dəstəyi önəmlidir”.
Ekspertin sözlərinə görə, ikinci tip, ailələrarası mübahisə isə evlənən şəxslərin yetkinləşmədən ailə qurduğu zaman yaranan haldır:
“Bu nə deməkdir? Yəni özləri qərarlarını həyata keçirə bilmir, iradəsi zəifdir, ailə məsuliyyəti çiyinlərini ala bilmirlər. Nəticədə, cütlüyün valideynləri, bacı və qardaşları mövcud problemləri özləri həll edir, o da problem həllindən çox əlavə problemlərin yaranmasına səbəb olur.
Tövsiyyəm odur ki, qərar qəbuletmə, seçim azadlığı, məsuliyyət kimi xüsusiyyətləri mənimsəyib sonra ailə həyatı qurasınız. Valideynlər və övladları arasında münaqişələr olur, səbəblər fərqlidir, düzgün nizam intizam və ya dərs oxumaqla bağlı və s”.
Psixoloq qeyd edib ki, valideyn uşağın yaşına uyğun psixoloji xüsusiyyətləri bilmədiyi üçün ondan tələbləri fərqli olur:
“Nəticədə, psixoloji maarifləndirməyə ehtiyac yaranır. Hər yaş dövrü üçün ayrı xüsusiyyətlər normadır. Əgər norma deyilsə və problemi həll edə bilmirsənsə uşaq və yeniyetmə psixoloquna müraciət edə bilərsən. Ümumiyyətlə, ailədə böyüklərin mübahisələrinin tipindən asılı olmayaraq heç birinə uşaqlar daxil edilməməli, bunun bir üzrlü səbəbi də olmamalıdır.
Uşaqlar bu dünyaya yetkin şəxslərin səhvlərini kiçik çiyinlərinə almaq üçün yox, öz həyatlarını yaşamaq üçün gəliblər. Ailədaxili mübahisə varsa, valideyn, nənə-babalar, bibi-dayılar və s. arasında olan soyuq münasibətləri uşaqlar hiss etməməli, onlar hamısını sevməli, hörmətini saxlamalı, qarşılığını eyni ilə almalıdılar”.
Pərviz



