Bakıda güclü yağışlara hazırlıq məsələsi yenidən gündəmə gəlib.
Son günlər yağan yağışların belə şəhərin bir sıra ərazilərində su basmasına səbəb olması sual doğurur. Güclü yağış yağacağı təqdirdə, Bakı bu dəfə hazır olacaq, yoxsa yenidən əvvəlki mənzərələrlə qarşılaşacağıq?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, hər payız fəsli başlayan kimi Bakıda yaşayan insanlar üçün dərd-sər də yanaşı gəlir:
“Azacıq yağışlar bu şəhəri nə günə qoyursa, bu gözəllikdə şəhər arzuolunmaz yaşayış məntəqəsinə çevrilir. Səbəb isə olduqca sadədir: 1980-ci illərdən bəri bu şəhərin kanalizasiya və su təsərrüfatı üçün ayrılan milyonlar hər il kimlərinsə mədəsində “ilişib” qalır, əvəzində Bakı əhalisi nəqliyyat sıxlığı ilə bərabər, yağış sularının fəsadları ilə mübarizə aparmalı olur.
Əslində adi vətəndaşdan bu işə cavabdeh olan təsərrüfat rəhbərlərinə qədər hamıya aydındır ki, Bakıda güclü yağışlar zamanı yaranan subasmalar və infrastruktur iflici tək bir qurumun yox, illərdir yığılıb qalan kompleks problemlərin və bir neçə məsul tərəfin birgə buraxdığı səhvlərin nəticəsidir. Hər güclü yağıntıdan sonra dövlət qurumları fəsadları “normadan artıq düşən yağıntı” ilə əlaqələndirsələr də, ekspertlər və mövcud vəziyyət əsas günahkarın insani və infrastruktur amilləri olduğunu açıq şəkildə göstərir. “Normadan artıq yağan yağıntı” bəhanəsi hər payız və qış vaxtı Bakıdakı yağıntı fəlakəti üçün şablon bəhanə cümləsinə çevrilib gedir”.

Ekspert qeyd edib ki, hazırda Bakıda faktiki olaraq 5 milyon əhali yaşayır:
“İş tapmaq üçün Bakıya axışan və əsasən də Xırdalan şəhərində məskunlaşan əhalini nəzərə alsaq, demoqrafik fəlakəti daha aydın müşahidə edirik. Bu həcmdə insanın yaşadığı şəhərdə kanalizasiya sisteminin olmaması, üstəlik bir çox “makler evləri”nin drenaj xətlərin üzərində tikilməsi Bakını yaşanmaz hala çevirib. Bu şəhər artıq bir paytaxt şəhəri olmaqdan çıxıb fəlakətə doğru gedir. Bugünkü Bakı əhali sayına görə 3 Baltikyanı ölkənin ümumi əhalisini belə üstələyib gedir.
20-24 mərtəbəli plansız, heç bir tikinti qaydasına və yaşıllıq salınmasına əməl olunmadan ucaldılan göydələnlər bu şəhərə mənfi təsir göstərir. Təəssüf ki, bəzən güclü yağış fəlakəti zamanı insan tələfatının da şahdi oluruq. Sırf yağış suları üçün kanalizasiya yox dərəcəsindədir. O boyda tunel tikilir, topoqrafik görmür ki, qazıntının sonunda tunelin tavanı ilə tunelə gedən yolun hündürlüyü eynidir? Orada suyun çıxışı nəzərə alınmayıb. Yağış yağan kimi çökür”.
Onun sözlərinə görə, yağış yağan zaman şəhərin bir çox ərazilərində yağış-drenaj sistremlələrinin olmaması fəlakəti ikiqat artırır:
“İllərdir bu şəhərin kanalizasiya sistemlərinin qurulması üçün ayrılan on milyon manatlar ayrılır, ancaq nəticə ortadadır. Həqiqətən qarşıdakı günlərdə və aylarda Bakının daha böyük yağıntı ilə qarşılaşacağı qaçılmazdır. Lakin sadəcə təbiəti günahlandırmaq və ya günahı bir-birinin üstünə atmaq çıxış yolu deyil. Çıxış yolu Bakının kanalizasiya xətlərinin qurulması, bu şəhərin yağışda da rahat yaşanılacaq vəziyyətə qaytarılmasıdır”.
Sevinc


