Aİ enerji böhranına baxmayaraq Rusiya qazından imtina edəcək

DÜNYA
14:14 / 06.10.2026
57

Avropa İttifaqı enerji böhranına baxmayaraq 2027-ci ilin sonunadək Rusiya qazının idxalını sıfıra endirmək niyyətindədir. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib. 

Tiraj.az xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" məlumat yayıb.

Onun sözlərinə görə, dörd il əvvəl Avropaya daxil olan qazın 45 faizi Rusiyanın payına düşürdüsə, hazırda bu göstərici 12 faizə enib. Fon der Lyayen bildirib ki, 2027-ci ilin sonunadək bu göstərici sıfıra endiriləcək.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya qazından imtina enerji böhranına və enerji daşıyıcılarının yüksək qiymətlərinə baxmayaraq həyata keçiriləcək.

"Fevralın sonundan etibarən qazın qiymətləri 140 faiz artıb. Dizel yanacağının qiymətləri iki dəfə yüksəlib. Ümumilikdə İranda müharibənin başlamasından bəri idxal etdiyimiz qalıq yanacaqlar Avropaya əlavə 100 milyard avroya başa gəlib. Həm də enerji daşıyıcılarının bircə əlavə molekulu belə əldə edilmədən", – fon der Lyayen bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov avropalıların çox çətin vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, qazın anbarlara vurulması maksimum sürətlə həyata keçirilsə belə, Avropa ölkələri qışa qədər anbarları doldura bilməyəcəklər. Peskov qeyd edib ki, birjalarda qazın hazırkı qiymətləri rekord həddə deyil.

Samir
 

0