İspaniyada etirazların ardından növbədənkənar seçki qərarı qəbul olunub.
Bu barədə ölkənin Baş naziri Pedro Sançez açıqlama verib. O, parlament seçkilərinin 29 noyabrda keçiriləcəyini açıqlayıb. Sözügedən qərara səbəb hökumətin mənzil böhranı ilə bağlı hazırladığı iki qanun layihəsinin Konqres tərəfindən rədd edilməsi olub.
Maraqlıdır, İspaniyada növbədənkənar seçkilərdən gözləntilər nələrdir? Hansısa sürpriz nəticə və ya dəyişiklik ola bilərmi?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında bildirib ki, İspaniyanın Baş naziri Pedro Sançezin parlament seçkilərini təxminən 8 ay qabağa çəkərək 29 noyabra təyin etməsi ölkənin siyasi gələcəyi baxımından mühüm qərardır:
“Seçkilərin keçirilməsi barədə fərman artıq rəsmən qüvvəyə minib və parlament buraxılıb. Kampaniya da məlum olduğu kimi 13-27 noyabr tarixlərində aparılacaq. Hazırkı mənzərə göstərir ki, əsas siyasi rəqabət Sosialist Partiyası ilə sağ mərkəzçi Xalq Partiyası arasında olacaq. Amma daha bir sağ olan Vox-un nəticəsi seçkidən sonrakı hökumətin formalaşmasında həlledici əhəmiyyət daşıyacaq.
Belə ki, proqnozalara əsasən Xalq Partiyasının 137, Sosialist Partiyasının 104, Vox-un isə 65 mandat alacağı gözlənilir. Bu da o deməkdir ki, sağlar birlikdə 200-dən artıq mandat əldə edə və 176 mandatlıq mütləq səs çoxluğunu keçə bilərlər. Sosialist Partiyasının isə ənənəvi sol müttəfiqləri ilə birlikdə əvvəlki hökumət modelini təkrarlaması daha çətin görünür”.
Lakin onun sözlərinə görə, bunu indidən seçkinin qəti nəticəsi kimi qəbul etmək düzgün olmaz:
“İspaniyanın seçki sistemi regional dairələrə əsaslandığı üçün səslərin ölkə üzrə faizindən daha çox, onların hansı dairələrdə toplandığı mandat bölgüsünə ciddi təsir göstərir. Bundan başqa, qarşıdakı həftələrdə seçicilərin əsas diqqətinin mənzil böhranı, yaşayış xərcləri, miqrasiya, iqtisadiyyat və sosial siyasətə yönəlməsi nəticələri dəyişə bilər.
Sançez seçki qərarını xüsusilə mənzil problemini siyasi gündəliyin mərkəzinə gətirməklə əlaqələndirir. Onun hökuməti mənzil məsələsinə dair tədbirlərin parlamentdə rədd edilməsindən sonra seçkiyə getmək qərarı verib və ona görə də Sosialist Partiyası kampaniyanı sosial ədalət, mənzil hüququ və dövlət xidmətləri üzərində qurmağa çalışacaq”.
Ekspert hesab edir ki, ən böyük potensial dəyişiklik isə Vox-un rolundadır:
“Əgər hazırkı sorğulara yaxın nəticə formalaşarsa, İspaniyada ilk dəfə sağ mərkəzçi Xalq Partiyası ilə radikal sağ Vox-un birlikdə hökumət qurması real siyasi ssenariyə çevrilə bilər. Bu isə miqrasiya, sosial siyasət, Avropa İttifaqı məsələləri və regional muxtariyyətlərə münasibətdə siyasət dəyişikliyi yarada bilər.
Bununla belə, sürpriz imkanını tam istisna etmək olmaz. Əsas dəyişdirici amil seçici fəallığı və sol elektoratın konsolidasiyası ola bilər. Sançesin hesablaması məhz bundan ibarətdir. Ümumiyyətlə isə 29 noyabr seçkilərinin əsas nəticəsi təkcə hökumətin dəyişməsi deyil, İspaniyanın son illərdəki azlıq hökumətləri və mürəkkəb koalisiya danışıqları modelindən daha aydın sağ-sol bloklaşmasına keçib-keçməyəcəyinin müəyyənləşməsi ola bilər”.
Pərviz



