Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanın razılaşması nəyi dəyişəcək?

KÖŞƏ YAZILARI
12:18 / 06.10.2026
78

“Məkkə Sazişi”nə qoşulan Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə və Pakistan birgə müdafiə öhdəliklərinin icrasına başlamaq və hərbi qüvvələri Krallığın ərazisində yerləşdirmək barədə razılığa gəliblər.

Tərəflər birgə müdafiə mexanizmlərinin praktiki şəkildə tətbiqinə dərhal başlanılması barədə qərar qəbul ediblər. Bununla yanaşı, razılaşdırılmış silahlı qüvvələrin və hərbi imkanların təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi və qoşunların Krallıq ərazisində mümkün qədər qısa müddətdə yerləşdirilməsi nəzərdə tutulur.

Əslində, bu, gözlənilən idi. Daha doğrusu, husilərin Səudiyyə Ərəbistanının tələsinə düşdüyünü demək də olar. Belə ki, qərarın qəbul edilməsinə əsas səbəblərdən biri husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları artırması olub.

Yəməndə husilərlə hökumət qüvvələri arasında son günlər döyüşlər şiddətlənib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Hərbi Dəniz Qüvvələri Yəmənin Əl-Hudeydə əyalətində husilərə məxsus hədəflərə zərbələr endirib. Husilər isə Ər-Riyad hava limanına və Qırmızı dəniz sahilindəki “Saudi Aramco” neft emalı zavoduna raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçiriblər.

Husilərin xüsusilə Ər-Riyad hava limanına və “Saudi Aramco” neft emalı zavoduna hücumlar həyata keçirməsi “Məkkə Sazişi” ölkələrinin prosesə qoşulması üçün əsas yaradır. Çünki “Məkkə Sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilib. Yəni husilərin Səudiyyə Ərəbistanına hücumu Türkiyə və Pakistana da hücum deməkdir. Ankara və İslamabadın prosesə qoşulması Yəməndə vəziyyəti əsaslı surətdə dəyişəcək.

Birincisi, Yəmən hökumət qüvvələri bu günə qədər husilərə üstünlük qura bilmir, hətta geri çəkilirdi. Bunun ən sadə səbəbi hökumət qüvvələrinin fərqli silahlı və siyasi qruplardan təşkil olunması və vahid komandanlığın olmaması idi.

Hətta Səudiyyə Ərəbistanı belə bu qüvvələri istənilən şəkildə bir araya gətirə bilməmişdi. Lakin Türkiyə və Pakistanın prosesə qoşulması bu məsələni əsaslı surətdə həll edəcək. Müqayisə üçün deyim ki, Ankara Suriyada bunu çox peşəkarcasına etdi və beləcə, vətəndaş müharibəsini bitirdi. Yəni Suriyadakı ssenari Yəməndə də təkrarlana bilər.

İkincisi, husilər daha çox dağlıq ərazilərdə möhkəmlənib və gerilla savaşını çox yaxşı bacarır. Ankara və İslamabad bu məsələdə öz sözünü deyə bilər. Çünki iki ölkədə də dağlıq ərazilər var və uzun illərdir bu ərazilərdə terrorla mübarizə aparırlar. Yəni həm husilərin məğlub edilməsi, həm də hökumət qüvvələrinin gerilla savaşı üçün hazırlanması mümkündür.

Üçüncüsü, Türkiyə və Pakistanın prosesə qoşulması husilərə dəstək verən İran faktorunu müəyyən qədər neytrallaşdıra bilər. Məlum olduğu kimi, hərəkatın son əməliyyatları fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç yüksək rütbəli zabiti və bir neçə dron mütəxəssisinin paytaxt Sənaya gəldiyinə dair məlumatlar var idi.

Hesab edirəm ki, Türkiyə və Pakistanın prosesə qoşulması təkcə Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşmayacaq, husilərin Yəməndə məğlub olub sabitliyin təmin olunmasına qədər davam edəcək. Yəməndə sabitlik təmin olunduqdan sonra isə istisna deyil ki, bu ölkə Məkkə Sazişinin bir parçası olacaq. Çünki strateji əhəmiyyətə malik Babül-Məndəb boğazının təhlükəsizliyini qorumaq üçün Yəməndə sabitlik şərtdir. Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır.

Politoloq Turan Rzayev

0