Böyük Qayıdış – “Proqram uğurla davam etdirilir”

SİYASƏT
16:00 / 06.10.2026
264

“İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı uğurla icra olunmağa davam edir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Böyük Qayıdışın birinci mərhələsi ilə bağlı dövlət proqramı var idi və artıq ikinci proqram da qəbul olunub:


“Görünən odur ki, geniş şəkildə həm kəmiyyət, həm də keyfiyyət baxımından məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi devam edir. Elə bir gün olmur ki, hansısa bölgəyə, kəndə və ya şəhərə köçün davam etməsi barədə məlumat olmasın. Hazırda da Qarabağ və Şərqi Zəngəzurda geniş şəkildə tikinti işləri həyata keçirilir. 

Vaxtaşırı ortaya çıxan müəyyən çətinliklər və problemlər sosial şəbəkələrdə də işıqlandırılırdı. Lakin artıq belə hiss olunur ki, təcrübə toplanıb və tikinti işləri ilə məşğul olanlar maksimum dərəcədə çalışırlar. Onlar həm toplanmış təcrübədən istifadə edir, həm də proseslərə diqqətlə yanaşırlar. Tikilən binalar da, həyət evləri də yüksək səviyyədədir, keyfiyyəti yüksəkdir və bütün tələblərə cavab verir. İnsanlar da aparılan işlərdən tamamilə razıdırlar”.

Siyasətçi qeyd edib ki, insanların öz dədə-baba yurdlarında tam şəkildə məskunlaşaması prosesi davamlı olacaq:
“Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aydın şəkildə bu məsələlərə toxundu və mövzu diqqət mərkəzində saxlanıldı. Əsas danışılan məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin həyata keçirilməsi, insanların öz doğma yurdlarına qaytarılması idi. Dövlətimizin başçısı vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Üstəlik, indiyə qədər həmin ərazilərin inkişafı üçün 28 milyard manat vəsait xərclənib.

Bu göstəricilərin hamısı davamlı şəkildə aparılan siyasətin nəticəsidir və bu proses bundan sonra da sürətlə davam edəcək. Eyni zamanda, insanların işlə təmin olunması istiqamətində də nəticələr ortadadır. İlk vaxtlar çətin idi: insanlar gedirdilər, iş imkanları məhdud olduğu üçün geri qayıdanlar olurdu. Lakin indi iş problemləri tədricən həll olunur. Bir neçə bölgə ilə, xüsusilə Ağdam şəhəri ilə əlaqələrimiz var. Ağdamda artıq insanlar şəxsi və özəl fəaliyyətlə məşğul olurlar, onlar üçün sürətlə lazımi şərait yaradılır”.

Partiya sədri diqqətə çatdırıb ki, artıq işğaldan azad olunan ərazilərimizdə istehsal sahələrində də fəaliyyət göstərirlər: 
“Həm dövlət səviyyəsində qurulan istehsal sahələri var, həm Azərbaycanın özəl şirkətləri, həm də xarici şirkətlər tərəfindən yeni istehsal və tikinti sahələri yaradılır. İnsanlar işlə, təhsillə, səhiyyə və tibbi xidmətlərlə təmin olunurlar. Birinci mərhələnin əsas nəticələrindən biri odur ki, əsas infrastruktur - işıq, su, qaz, kanalizasiya xətləri kimi həddindən artıq ağır işlər həyata keçirildi. Artıq çox vacib marşrutlardan biri olan Ağdam-Kəlbəcər yolunun tikinti işlərinə də başlanılıb. 

Bu yol Ağdamdan başlayır, kəndlərdən keçərək Ağdərəyə, oradan isə Kəlbəcərə uzanır. Bu, çox vacib yeni bir yoldur. Yolun çəkilməsi həmin istiqamətdəki kəndlərdə aparılan tikinti və bərpa işlərini daha da asanlaşdıracaq. Görülən işlərlə bağlı heç bir ciddi narahatlıq yoxdur.

Sadəcə olaraq, insanların işlə təmin olunması məsələsi diqqətdə saxlanılmalıdır. Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər kimi bölgələrimizə insanlar böyük sevinclə qayıdırlar. Vaxtilə daxma da olsa yaşayacaqlarını bildirən vətəndaşlarımız artıq qayıtdıqdan sonra layiqli yaşam şəraiti və iş imkanları gözləyirlər ki, bu da tamamilə təbiidir”.

Akif Nağı onu da əlavə edib ki, tikinti işlərində artıq böyük təcrübə qazanılıb:
“Ona görə də artıq qarışıq tikinti mərhələsinə keçmək olar: bir tərəfdən dövlət tikinti aparır, digər tərəfdən dövlətin ayırdığı vəsaitlə vətəndaşlar müəyyən olunmuş plan və proqram əsasında öz evlərini tikirlər. İkinci mərhələdə bu yanaşmanın tətbiqi vacibdir.  

Bütövlükdə, çox böyük müsbət proseslər gedir. Azərbaycan dövləti heç bir dövlətin edə bilməyəcəyi miqyasda böyük işlər görür. Həm uzun illər köçkünlük yükünü daşıyıb, həm də hazırda milyardlarla xərc, yüksək nizam-intizam və təşkilatçılıq tələb edən bərpa işlərini uğurla həyata keçirir. Bu istiqamətdə müsbət tendensiyalar aydın şəkildə özünü göstərir”.

Elmir Mustafa

0