“Psixoloq olaraq seanslarımda ən çox eşitdiyim və üzərində işlədiyim mövzulardan biri müəyyən yaşdan sonra kimisə həyatımıza daxil etməyin kifayət qədər çətinləşməsidir”.
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:

“Birincisi, gənclikdə hər şeyə daha tez inanır, hisslərimizin arxasınca asanlıqla qaçırıq. Lakin yaşa dolduqca kürəyimizdəki “təcrübə çantası” ağırlaşır. Artıq nəyi istədiyimizdən çox, nəyi qətiyyən istəmədiyimizi əzbər bilirik. Gözümüz o qədər açılır ki, qarşımızdakının xırda bir yalnışını - o məşhur “qırmızı bayrağı” görən kimi dərhal müdafiəyə keçib uzaqlaşırıq. Çünki eyni səhvləri və eyni ağrıları yenidən yaşamağa nə enerjimiz, nə də vaxtımız var”.
Ekspertin sözlərinə görə, ikinci səbəb isə öz rahatlıq zonamızdır:
“Müəyyən bir yaşdan sonra yavaş-yavaş öz nizamımızı, sərhədlərimizi, həyat ritmimizi qururuq. Təkbaşına tapdığımız o daxili rahatlıq, hüzur bizim üçün hər şeydən qiymətli olur. Həyatımıza yeni birini salmaq, bu düzəni kiminsə xatirinə dəyişmək və güzəştə getmək əvvəlki kimi asan gəlmir. Çünki o çətinliklə qurduğumuz hüzuru itirməkdən qorxuruq”.
Psixoloq insanın yaşlanmasının da səbəblər sırasında olduğunu söyləyib:
“Yəni başa düşürük ki, artıq böyümüşük. Əvvəllər bəlkə də “tək qalmayım”, “kimsə məni tamamlasın” deyə addımlar atırdıq. Ancaq indi anlayırıq ki, biz onsuz da bütövük. Bizə bizi xilas edəcək və ya boşluqlarımızı dolduracaq biri yox, sadəcə bu bütövlüyü yorulmadan paylaşa biləcəyimiz, həyata eyni pəncərədən baxdığımız bir yol yoldaşı lazımdır.
Əgər indi həyatınıza kimsə daxil etməkdə çətinlik çəkirsinizsə, narahat olmayın və özünüzü günahlandırmayın. Bu geriləmə yox, əslində şəxsi inkişafınızın göstəricisidir. Siz sadəcə daha seçici, şüurlu və ən əsası – öz dəyərini çox yaxşı bilən birinə çevrilmisiniz”.
Pərviz


