Qədim Misirdə pişiklərə münasibətin qaranlıq tərəfi üzə çıxdı - Alimlərdən maraqlı araşdırma

DÜNYA
15:55 / 12.11.2026
39

Qədim Misirdə müqəddəs hesab edilən və xüsusi ehtiram göstərilən pişiklərin heç də hamısı yaxşı şəraitdə yaşamayıb. Yeni araşdırma bu heyvanların bir qisminin darısqal məkanlarda saxlanıldığını, aclıqdan, infeksiyalardan və fiziki xəsarətlərdən əziyyət çəkdiyini ortaya çıxarıb.

HİT.az xəbər verir ki, bu nəticəyə Vyanadakı Təbiət Tarixi Muzeyinin kolleksiyasında saxlanılan 131 qədim Misir pişiyinin kəllə sümüyünü araşdıran alimlər gəlib. Tədqiqatın nəticələri “Journal of Archaeological Science” jurnalında dərc olunub.

Yaşı 2 min ildən çox olan qalıqlar üzərində aparılan araşdırma zamanı pişiklərin 62 faizində müxtəlif patoloji dəyişikliklər aşkarlanıb. Ən çox rast gəlinən problemlər dişlərin inkişafındakı pozuntular və diş əti xəstəlikləri olub. Bununla yanaşı, sağalmış sınıqlar, dişləmə izləri və sümük deformasiyaları da müəyyən edilib.

Bəzi heyvanların dişlərinin olmadığı, ayrı-ayrı kəllə sümüklərində isə ciddi zədələnmə izlərinin qaldığı məlum olub.

Tədqiqatçılar xəsarətlərin bir qisminin insanlar tərəfindən yetirilə biləcəyini düşünürlər. Sümüklərdə iti metal alətlərlə vurulma nəticəsində yaranan zədələrə bənzər izlər aşkarlanıb. Digər xəsarətlərin isə heyvanlar arasında baş verən davalar zamanı yarandığı ehtimal edilir.

Alimlərin fikrincə, xəstəlik və xəsarətlərin geniş yayılması pişiklərin bir hissəsinin çoxsaylı heyvanların saxlanıldığı dar məkanlarda yaşadığını göstərir. Belə şərait infeksiyaların yayılmasına, qida çatışmazlığına və davamlı stresə səbəb ola bilərdi.

Araşdırmanın müəllifləri bəzi pişiklərin dini mərasimlər üçün xüsusi olaraq yetişdirildiyini və sonradan mumiyalandığını da ehtimal edirlər. Qədim Misirdə pişiklər müqəddəs heyvan sayılır, pişiklərlə əlaqələndirilən Bastet ilahəsinə ehtiramın bir hissəsi kimi onların mumiyaları məbədlərə nəzir olaraq təqdim edilirdi.

Beləliklə, yeni tədqiqat qədim Misirdə pişiklərə göstərilən dini ehtiramın bu heyvanların hər zaman qayğı və yaxşı şəraitdə saxlanılması demək olmadığını göstərir.

Samir

0