Məktəblərin rəqəmsal gələcəyi

TƏHSİL
11:53 / 30.07.2026
165

Müasir təhsil sistemində rəqəmsal texnologiyaların tətbiqi artıq zərurət kimi qiymətləndirilir. 

Bu istiqamətdə məktəblərin texniki imkanlarının gücləndirilməsi məqsədilə yeni infrastruktur layihəsinin icrasına başlanılıb. Gözləntilərə görə, həyata keçiriləcək yeniliklər elektron tədris resurslarından istifadənin genişlənməsinə, müəllim və şagirdlərin onlayn platformalara daha rahat çıxış əldə etməsinə şərait yaradacaq. 

Bununla yanaşı, məktəblərin texniki təminatı, müəllimlərin rəqəmsal bacarıqları və mövcud avadanlıqların yeni sistemlə uyğunluğu bu layihənin uğuruna təsir edəcək əsas amillərdən hesab olunur. 

Görəsən, təhsil müəssisələri bu dəyişiklikləri effektiv şəkildə tətbiq edə biləcək və yeni imkanlar tədris prosesində real nəticələr verəcəkmi?

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, təhsil müəssisələrinin müasir rabitə infrastrukturuna inteqrasiyası ölkənin müxtəlif ərazilərini əhatə edən uzunmüddətli yenilənmə prosesinin tərkib hissəsidir:

405927

“Yüksəksürətli internet bağlantısının bütün məktəblərdə əlçatan olması elektron tədris resurslarının tətbiqini sürətləndirəcək və rəqəmsal mühitin formalaşmasına əlavə imkanlar yaradacaq. Şəhər və kənd məktəbləri eyni texniki imkanlarla təmin edilərsə, yaşayış yerindən asılı olmayaraq hər bir şagird distant dərslərə və onlayn təhsil platformalarına bərabər şəkildə qoşula biləcək”.

Ekspert hesab edir ki, rəqəmsal transformasiyanın uğurlu nəticə verməsi üçün təkcə texniki avadanlıq kifayət deyil:

“Məktəblərdə informasiya texnologiyaları, süni intellekt və rəqəmsal innovasiyalar üzrə peşəkar kadrların fəaliyyət göstərməsi də vacib şərtlərdən biridir. Belə mütəxəssislərin tədris prosesinə cəlb edilməsi müəllimlərin müasir texnologiyalardan istifadəsini asanlaşdıracaq, eyni zamanda şagirdlərin praktik rəqəmsal bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcək. 

Şagird sayı kifayət qədər olmayan təhsil müəssisələrində resurslardan daha səmərəli istifadə etmək üçün alternativ yanaşmalar tətbiq edilir. Bu yanaşmalardan biri şagirdlərin daha böyük məktəblərə köçürülməsi, digəri isə məsafədən təhsil texnologiyalarının tətbiqi ilə onların dərs prosesinə fasiləsiz qoşulmasının təmin edilməsidir”.

Günel Cəlilova

0