Məktəblərdə müəllim heyətinin gender bölgüsünə nəzər saldıqda qadınların sayca üstünlük təşkil etdiyi, kişi pedaqoqların isə xeyli az olduğu görünür.
Bu mənzərə artıq uzun illərdir dəyişməz qalır və təhsil sahəsində diqqət çəkən məsələlərdən birinə çevrilib. Halbuki müəllimlik yalnız bilik ötürmək deyil, həm də uşaqların dünyagörüşünün, düşüncə tərzinin və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan peşədir. Kişilərin pedaqoji fəaliyyətə marağının azalması isə istər-istəməz bu sahədə tarazlığın pozulması ilə bağlı müzakirələri gündəmə gətirir.
Bəs kişiləri müəllimlikdən uzaqlaşdıran nədir? Kişi müəllimlərin sayını artırmaq üçün hansı dəyişikliklərə ehtiyac var?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, təhsil sektorunda kişi əməkdaşların payı ümumi heyətin təxminən beşdə birini təşkil edir:

“Bu mənzərənin formalaşmasında əsas rol oynayan amillərdən biri müəllim əməyinin maddi baxımdan yetərincə cəlbedici olmamasıdır. Bununla yanaşı, cəmiyyətdə formalaşmış stereotiplər və ictimai münasibət də kişilərin pedaqoji fəaliyyətə marağını zəiflədir.
Son 15-20 ildə kişilərin müəllimlikdən tədricən uzaqlaşması daha aydın hiss olunur. Ailənin maliyyə təminatına dair gözləntilər əsasən kişilərin üzərinə düşdüyündən, onların bir qismi daha yüksək qazanc əldə edə biləcəkləri peşələrə üstünlük verir. Müəllim maaşı ilə ailə xərclərini qarşılamağın çətinliyi də bu seçimə təsir göstərir”.
Ekspert onu da əlavə edib ki, dərsdən sonra əlavə qazanc üçün fəhləlik və ustalıqla məşğul olan kişi müəllimlərin bəzən ətrafdakıların istehzalı münasibəti ilə qarşılaşması vəziyyəti daha da mürəkkəbləşdirir:
“Belə münasibət müəllimlik peşəsinin nüfuzuna və kişilərin bu sahədə çalışmağa həvəsinə mənfi təsir göstərə bilər”.
Sevinc


