Təhsil yalnız bilik qazanmaq deyil, həm də insanın dünyagörüşünün formalaşması, sərbəst düşünməyi öyrənməsi və cəmiyyətdə öz yerini müəyyənləşdirməsi prosesidir.
Dünyəvi təhsil uşaqlara elmi biliklərə əsaslanmağı, fərqli fikirlərə hörmətlə yanaşmağı və hadisələri məntiqlə dəyərləndirməyi öyrədir. Dünyəvi təhsilin cəmiyyətin inkişafında və uşaqların dünyagörüşünün formalaşmasında əsas rolu nədir?
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında deyib ki, dünyada təhsil sistemi daha çox inkişaf və şaxələnmə istiqamətində irəliləyir:

“Bu da şagirdlərə həm dünyagörüşlərini genişləndirmək, həm də elmi biliklərini artırmaq imkanı verir. Əlbəttə, inkişaf etmək istəyən sistem üçün yeniliklərə açıq olmaq yaxşıdır. İndiki gənclər sosial şəbəkələr və elmin inkişafı sayəsində daha çox məlumat əldə edə, dünyagörüşlərini genişləndirə bilirlər. Ümumiyyətlə, intizam olan yerdə yüksək nəticə və keyfiyyətdən danışmaq mümkündür”.
Ekspert qeyd edib ki, intizam təkcə şagirdin özünü necə aparması, davranışlarını idarə etməsi demək deyil:
“Bu, təhsilin bütün mərhələlərini əhatə edir. Həm müəllimin dərs keçməsində, həm şagirdin təhsil almasında, həm də təhsil sistemini idarə edən qurumların fəaliyyətində intizam və ardıcıllıq olmalıdır. Təhsil sistemi yeniliklərə, inkişafa həmişə açıq olmalıdır. Təhsil yalnız bilik verməkdən ibarət deyil, həm də uşaqlara düzgün tərbiyə aşılamaq, onları cəmiyyətə hazırlamaq və sağlam gələcəyin formalaşmasına töhfə vermək deməkdir”.
Sevinc


