Telefonu enerji yığılarkən istifadə etmək batareyanın ömrünü qısaldır?

TEXNO
21:16 / 24.07.2026
49

Mütəxəssislər bildirirlər ki, telefonu enerji yığarkən istifadə etməyin batareyaya zərər verməsi ilə bağlı geniş yayılmış fikir elmi faktlarla təsdiqlənmir. Onların sözlərinə görə, batareyanın ömrünü qısaldan əsas amil cihazın həddindən artıq qızmasıdır.

HİT.az xəbər verir ki, uzun illərdir istifadəçilər arasında telefonun enerji yığılarkən işlədilməsinin batareyanı sıradan çıxardığı barədə fikir dolaşır. Eyni zamanda, cihazın gecə boyu şarjda qalmasının da zərərli olduğu tez-tez iddia edilir. Mütəxəssislər isə bu fikirlərin əksər hallarda mif olduğunu vurğulayırlar.

Onların sözlərinə görə, "litium-ion" batareyaların ömrünə əsas mənfi təsir göstərən amil yüksək temperaturdur. Telefon enerji yığarkən istifadə edildikdə, enerjinin bir hissəsi batareyanın doldurulmasına, digər hissəsi isə işləyən tətbiqlərə yönəldiyi üçün enerji yığma prosesi bir qədər uzana bilər. Lakin cihaz təhlükəli səviyyədə qızmadığı müddətdə bu, batareyanın sağlamlığına ciddi təsir göstərmir.

Mütəxəssislər qeyd edirlər ki, gündəlik istifadə zamanı telefonların batareyaya zərər verəcək qədər qızması nadir hallarda baş verir.

Müasir smartfonlarda getdikcə daha geniş tətbiq olunan "bypass charging" texnologiyası batareyanın qorunmasına kömək edir.

Ənənəvi smartfonlarda adapterdən gələn enerji həm batareyanın doldurulmasına, həm də cihazın işləməsinə sərf olunur. "Bypass charging" funksiyası aktiv olduqda isə batareyanın doldurulması müvəqqəti dayandırılır və elektrik enerjisi birbaşa prosessora ötürülür.

Bu yanaşma cihaz daxilində istiliyin toplanmasını əhəmiyyətli dərəcədə azaldır. Adi internet istifadəsi və ya mesajlaşma zamanı telefonun qızması hiss olunmasa da, uzunmüddətli oyunlar və yüksək keyfiyyətli video emalı zamanı temperatur sürətlə arta bilər.

Mütəxəssislərin sözlərinə görə, həddindən artıq istilik həm "litium-ion" batareyanın ömrünü azaldır, həm də prosessorun performansını aşağı salır. "Bypass charging" texnologiyası isə batareyanı doldurmasa belə, istiliyi azaltmağa və cihazın yüksək məhsuldarlığını qorumağa imkan verir.

Samir

0