Civə qızıla çevriləcək? - ABŞ startapından sensasiyalı iddia

TEXNO
19:58 / 26.10.2026
52

ABŞ-ın Marathon Fusion startapı termonüvə sintezi zamanı yaranan neytronlardan istifadə etməklə civəni qızıla çevirmək üsulu hazırladığını iddia edir. Şirkətin açıqlaması elmi ictimaiyyətdə maraq doğursa da, texnologiyanın nəticələri hələ müstəqil şəkildə təsdiqlənməyib.

HİT.az xəbər verir ki, San-Fransiskoda fəaliyyət göstərən şirkətin təklif etdiyi metod nüvə transmutasiyasına əsaslanır. Bu proses zamanı atomun nüvəsi dəyişdirilərək başqa kimyəvi element və ya onun izotopu əldə edilir.

Texnologiyanın iş prinsipi belə izah olunur: deyterium və tritiumun termonüvə sintezi nəticəsində yaranan yüksək enerjili neytronlar civə-198 izotopuna təsir edərək onu qeyri-sabit civə-197 izotopuna çevirməlidir. Sonrakı mərhələdə bu izotop elektron tutulması prosesindən keçir və qızılın yeganə sabit izotopu olan qızıl-197 əmələ gəlir.

Şirkət yeni üsulla qızıl istehsalının sürətinin Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) 2025-ci ildə əldə etdiyi göstəricidən təxminən 10 dəfə yüksək ola biləcəyini bildirir. Lakin bu iddianı təsdiqləyən ətraflı elmi hesabat açıqlanmayıb.

CERN alimləri 2025-ci ilin mayında Böyük Adron Kollayderində qurğuşun nüvələrinin toqquşması nəticəsində qızıl nüvələrinin yarandığını açıqlamışdılar. ALICE təcrübəsinin qiymətləndirməsinə görə, 2015-2018-ci illərdə aparılan dörd əsas eksperiment zamanı təxminən 86 milyard qızıl nüvəsi əmələ gəlib. Bununla belə, yaranan nüvələr son dərəcə qısa müddət mövcud olduqdan sonra parçalanıb. Əldə edilən qızılın ümumi kütləsi cəmi 29 piktoq ətrafında qiymətləndirilib.

Marathon Fusion isə neytronlardan istifadə etməklə bu prosesi daha böyük miqyasda həyata keçirməyin mümkün olduğunu düşünür. Bununla belə, şirkətin nə qədər qızıl əldə etdiyi barədə məlumat yoxdur və texnologiyanın iqtisadi baxımdan sərfəli olduğu hələ nümayiş etdirilməyib.

Samir

0