Çin 10 mühərrikli elektrik təyyarəsi hazırladı - Görüntüləri sosial şəbəkələrdə memə çevrildi

TEXNO
16:27 / 29.10.2026
58

Çində COMAC şirkətinin hazırladığı CE-25A elektrik təyyarəsinin prototipinin ilk fotoları yayımlanıb. Gövdəsində və qanadlarında ümumilikdə 10 mühərrikin yerləşdirilməsi ilə diqqət çəkən hava gəmisi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyri-adi görünüşünə görə istifadəçilər təyyarəni süni intellektlə yaradılmış görüntülərə bənzədərək zarafatlar ediblər.

HİT.az xəbər verir ki, bu barədə Çin aviasiyası üzrə mütəxəssis Andreas Rupprext məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri təyyarənin mühərriklərinin sayına ironik münasibət bildiriblər. Paylaşımlardan birində “Neçə mühərrik var? — Bəli” ifadəsi ilə zarafat edilib. Digər istifadəçi isə kifayət qədər güclü dartı qüvvəsi təmin edilərsə, hətta kərpicin də uça biləcəyini yazıb.

On mühərrikli sistemin üstünlükləri nələrdir?

Qeyri-adi quruluşun arxasında paylanmış elektrik mühərrikləri konsepsiyası dayanır. Bu yanaşmada bir neçə kiçik mühərrik təyyarənin konstruksiyasına inteqrasiya edilir. Məqsəd aerodinamik səmərəliliyi artırmaq və enerji sisteminin imkanlarından daha effektiv istifadə etməkdir.

Belə sistemin digər potensial üstünlüyü təhlükəsizliklə bağlıdır. Mühərriklərin bir neçəsi sıradan çıxarsa, qalanlarının təyyarənin idarəolunmasını və uçuşun davam etdirilməsini təmin etməsi mümkün ola bilər. Bununla belə, bu imkanların real şəraitdə necə işləyəcəyi sınaqlar zamanı müəyyənləşdirilməlidir.

CE-25A-nın maketi ilk dəfə bir neçə il əvvəl nümayiş etdirilib. COMAC bu modeli regional sərnişindaşımalar və biznes aviasiyası üçün nəzərdə tutub.

Təyyarə 19 sərnişin daşıya biləcək

Layihəyə əsasən, CE-25A-nın 19 sərnişin daşıması, 400–500 kilometr məsafə qət etməsi və saatda 400 kilometrə qədər maksimal kruiz sürətinə çatması planlaşdırılır.

Təyyarənin hazırkı sınaq mərhələsi və ilk uçuşunun tarixi barədə dəqiq məlumat yoxdur. Yayımlanan görüntülərin ilkin yerüstü hərəkət sınaqları zamanı çəkildiyi ehtimal edilir. Buna görə də onun uçuş qabiliyyəti və texniki göstəriciləri hələ real uçuş nəticələri ilə təsdiqlənməyib.

CE-25A-nın bu ilin dekabrında Çinin Çjuhay şəhərində keçiriləcək aviasiya sərgisində nümayiş etdirilməsi gözlənilir.

Samir
 

0