Süni intellekt miqrant kişiləri daha çox təhlükə ilə əlaqələndirir

TEXNO
23:13 / 28.10.2026
58

Süni intellekt miqrant kişilər haqqında mətnlər hazırlayarkən qadın miqrantlarla müqayisədə təhlükə və şübhə ifadə edən sözlərdən daha çox istifadə edir. Beş dildə yaradılmış 900 mətnin təhlili nəticəsində bu fərqin müxtəlif situasiyalarda da müşahidə olunduğu müəyyən edilib.

HİT.az xəbər verir ki, araşdırma “Frontiers in Psychology” jurnalında dərc olunub.

Tədqiqatı Nikosiyadakı Yaxın Şərq Universitetinin alimləri Ayxan Dolunay və Fatma Arpalıqlı aparıblar. Onlar OpenAI-nin GPT-5.6 modelindən 18 fərqli gündəlik vəziyyətlə bağlı yetkin kişi və qadın miqrantlar haqqında qısa mətnlər hazırlamağı istəyiblər. Ssenarilər arasında dil kurslarının başa çatdırılması, işdə vəzifə yüksəlişi və cərimə ilə bağlı mübahisə kimi hallar yer alıb.

Tapşırıqlar ingilis, türk, çin, rus və ərəb dillərində təkrarlanıb. Nəticədə kişi miqrantlar haqqında 450, qadın miqrantlar haqqında isə eyni sayda mətn əldə edilib.

Təhlil göstərib ki, kişi miqrantlar barədə mətnlərin 36 faizində təhlükə və şübhə ilə əlaqəli ifadələrə rast gəlinib. Qadın miqrantlar haqqında mətnlərdə isə bu göstərici 26,9 faiz olub. Beləliklə, fərq 9,1 faiz bəndi təşkil edib. Bu tendensiya 18 ssenaridən 13-də müşahidə olunub.

Ən böyük fərq dövlət müəssisəsində şəxsin alçaldıcı münasibətlə üzləşdiyi vəziyyəti təsvir edən mətnlərdə qeydə alınıb. Bu ssenaridə kişi miqrantlarla bağlı 25 mətndən 19-da, qadın miqrantlarla bağlı isə cəmi 8 mətndə təhlükə və şübhə ifadələri yer alıb.

Bununla belə, tədqiqatçılar bütün mətnlərdə emosional yanaşmanın fərqli olduğunu müəyyən etməyiblər. Əvvəlcədən seçilmiş altı tematik kateqoriya üzrə aparılan müqayisələrdə kişi və qadın miqrantlar haqqında mətnlərin emosional çalarları arasında statistik baxımdan əhəmiyyətli fərq aşkarlanmayıb.

Araşdırmada diqqətçəkən başqa bir məqam da süni intellektin bəzi hallarda stereotiplərə qarşı çıxmasıdır. Məsələn, cərimə ilə bağlı mübahisəni təsvir edən 50 mətnin 29-da miqrantın təhlükə mənbəyi kimi qəbul edilməsinə etiraz edən yanaşma müşahidə olunub. Müəlliflər bunu alqoritmik əks-çərçivələmə adlandırıblar. Bu üsulda əvvəlcə stereotipik yozum təqdim edilir, daha sonra isə onun əsassızlığı vurğulanır və ya həmin yanaşma məhdudlaşdırılır.

Alimlər nəticələrin ehtiyatla şərh edilməli olduğunu bildirirlər. Onların sözlərinə görə, mətndə “təhlükə” sözünün işlədilməsi mütləq miqrantın təhlükə mənbəyi kimi təqdim edildiyi anlamına gəlmir. Həmin ifadə miqrantın özünün təhlükə ilə üzləşməsini də təsvir edə bilər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, süni intellektin miqrantlar haqqında yaratdığı mətnləri qiymətləndirərkən yalnız işlədilən sözlərə deyil, kimin təhlükə yaratdığına, kimin müdafiəyə ehtiyac duyduğuna və hadisələrin hansı baxış bucağından təqdim edildiyinə də diqqət yetirilməlidir.

Samir
 

0