Smartfon yüksək hava temperaturu, prosessorun güclü yüklənməsi və ventilyasiya problemləri səbəbindən həddindən artıq qıza bilər. Qurğu isinəndə onu dərhal söndürmək vacib deyil.
HİT.az xəbər verir ki, "BGR" nəşrinin yazdığına görə, bir neçə sadə üsulla telefonun temperaturunu aşağı salmaq mümkündür.
Smartfonun həddindən artıq qızması onun işinə mənfi təsir göstərə bilər. Belə hallarda cihaz ləng işləyə, dona və ya gözlənilmədən sönə bilər. Bəzi hallarda isə yüksək temperatur qurğunun daxili hissələrinə zərər vura bilər.
Telefonun qızmasının müxtəlif səbəbləri olduğundan, temperaturu azaltmağa kömək edən tədbirləri bilmək faydalıdır.
Smartfonu tam söndürmək yeganə çıxış yolu deyil. Aşağıdakı üsullar komponentlərə düşən yükü azaldaraq cihazın normal temperaturuna qayıtmasına kömək edə bilər.
1. Arxa planda işləyən tətbiqləri bağlayın
Arxa planda açıq qalan tətbiqlər prosessoru yükləməyə və batareyanı sərf etməyə davam edir. Buna görə istifadə etmədiyiniz proqramları tam bağlamaq tövsiyə olunur.
2. Lazımsız bağlantıları söndürün
"Bluetooth", "Wi-Fi" və mobil internet daim şəbəkə axtardığı üçün telefona əlavə yük yaradır və onun qızmasına səbəb ola bilər.
Xüsusilə zəif siqnal zamanı telefon sabit bağlantı tapmaq üçün daha çox enerji sərf edir. İstifadə etmədiyiniz funksiyaları söndürün və lazım gələrsə, bütün simsiz bağlantıları deaktiv edən təyyarə rejimini aktivləşdirin.
3. Mobil oyunlara fasilə verin
Müasir mobil oyunlar prosessor və operativ yaddaşdan çox istifadə edir. Qrafik parametrləri yüksək olduqda hətta flaqman modellər də əhəmiyyətli dərəcədə qıza bilər.
Telefon oyun zamanı isinirsə, fasilə verərək onun soyumasına imkan yaradın. Bu tövsiyə videomontaj və yüksək keyfiyyətli məzmunun izlənilməsi kimi resurs tələb edən digər işlərə də aiddir.
4. Ekranın parlaqlığını azaldın
Yüksək parlaqlıq batareyanın daha sürətli boşalmasına və enerji sərfiyyatının artmasına səbəb olur.
Açıq havada ekranı daha rahat görmək üçün daim parlaqlığı artırmaq əvəzinə əksolunmanı azaldan qoruyucu şüşədən istifadə edə və ya avtomatik parlaqlıq funksiyasını aktivləşdirə bilərsiniz.
Həmçinin ekranın istifadə bitdikdən sonra nə qədər açıq qalacağını müəyyən edən vaxt intervalını da azaltmaq məsləhətdir.
5. Telefonu günəş altında saxlamayın
Birbaşa günəş şüaları smartfonun həddindən artıq qızmasının əsas səbəblərindən biridir. Telefonu günəş altında, pəncərə önündə və ya avtomobil salonunda qoymaq olmaz.
Hətta söndürülmüş cihaz da günəşin təsiri ilə çox qıza və daxili komponentləri zədələnə bilər.
6. Düzgün şarj şəraiti yaradın
Şarj zamanı telefonun bir qədər isinməsi normaldır. Lakin cihaz həddindən artıq qızırsa, istifadə etdiyiniz adapteri yoxlayın.
Orijinal olmayan və ya uyğun olmayan şarj cihazları enerji təchizatını düzgün tənzimləməyə bilər.
Şarj zamanı telefon yaxşı havalanmalıdır. Buna görə onu yastığın altına və ya bağlı çantaya qoymaq məsləhət görülmür.
7. İstiliyi daha yaxşı ötürən üzlükdən istifadə edin
Bəzi qalın üzlüklər telefonun yaratdığı istiliyi saxlayır və soyumanı çətinləşdirir.
Xüsusilə rezin və silikon materiallar istiliyin xaric olunmasını zəiflədə bilər. Müvəqqəti olaraq üzlüyü çıxarmaq, daha uzunmüddətli həll üçün isə daha yaxşı havalanan model seçmək faydalıdır.
8. Əməliyyat sistemini və tətbiqləri yeniləyin
Telefonun qızması proqram təminatındakı nasazlıqlarla da bağlı ola bilər. Tətbiqlərdə və əməliyyat sistemindəki səhvlər prosessora əlavə yük yarada bilər.
İstehsalçılar bu cür problemləri aradan qaldırmaq üçün mütəmadi yeniləmələr təqdim edirlər. Yeniləmə artıq isinmiş telefonu dərhal soyutmasa da, gələcəkdə oxşar halların qarşısını ala bilər.
9. Telefonu ventilyatorun qarşısına qoyun
Digər üsullar nəticə vermirsə, telefonu açıq yerdə ventilyatorun qarşısına qoyaraq soyumasını sürətləndirmək olar.
Tez-tez qızma problemi ilə üzləşənlər üçün xüsusi telefon soyuducuları da mövcuddur.
Bununla yanaşı, telefonu qəfil soyutmağa çalışmaq, məsələn, onu dondurucuya qoymaq tövsiyə edilmir. Kəskin temperatur fərqi nəticəsində cihazın daxilində kondensat yarana və elektron hissələr zədələnə bilər.
Daha əvvəl mütəxəssislər smartfondan yeniləmələr olmadan istifadə etməyin riskləri barədə də xəbərdarlıq ediblər. Onların sözlərinə görə, təhlükəsizlik yeniləmələrinin quraşdırılmaması zamanla cihazı kibercinayətkarlar üçün asan hədəfə çevirə bilər.
Həmçinin bildirilib ki, bəzi smartfon modelləri digər telefonları da enerji ilə təmin edə bilir. Modeldən asılı olaraq enerji ötürülməsi "USB-C" kabeli və ya "Qi" simsiz enerji doldurma standartı vasitəsilə həyata keçirilir.
Samir


