Yeni "Smart TV" alarkən əksər alıcılar ekranın ölçüsünə, təsvir ölçüsünə, yenilənmə tezliyinə və əməliyyat sisteminin funksiyalarına diqqət yetirirlər. Lakin çox vaxt nəzərdən qaçırılan mühüm amillərdən biri televizorun prosessorudur.
HİT.az xəbər verir ki, "SlashGear"ın məlumatına görə, məhz prosessor cihazın yalnız işləmə sürətini deyil, həm də görüntü keyfiyyətini müəyyən edən əsas komponentlərdən biridir.
Prosessor televizorun "beyni" hesab olunur. O, tətbiqlərin işə salınmasına, interfeysin sürətli işləməsinə, menyular arasında keçidə və çoxsaylı tapşırıqların eyni vaxtda yerinə yetirilməsinə cavabdehdir. Çip kifayət qədər güclü olmadıqda "Smart TV" ləng işləyə, tətbiqləri gec aça və eyni vaxtda bir neçə əməliyyat zamanı donmalar yarana bilər.
Prosessorun rolu bununla bitmir. Müasir çiplər görüntünün emalında da mühüm funksiyalar yerinə yetirir. Onlar aşağı keyfiyyətli videonu 4K formatına yaxınlaşdırır, detalları artırır, rəqəmsal səs-küyü azaldır, rəng ötürülməsini optimallaşdırır və təsviri daha aydın göstərir. Bunun sayəsində köhnə filmlər və televiziya proqramları daha yüksək səviyyəli televizorlarda nəzərəçarpacaq dərəcədə keyfiyyətli görünə bilər.
Bundan əlavə, prosessor televizorun enerji səmərəliliyinə və oyun performansına da təsir göstərir. Xüsusilə müasir oyun texnologiyalarını dəstəkləyən modellərdə bu amil daha ön plana çıxır.
Prosessorun keyfiyyətini necə müəyyən etmək olar?
Kompüter prosessorlarından fərqli olaraq, televizor istehsalçıları adətən çiplərinin texniki xüsusiyyətlərini ətraflı açıqlamırlar. Buna görə mütəxəssislər tanınmış brendlərin öz prosessor seriyalarına diqqət yetirməyi tövsiyə edirlər.
"LG" televizorlarında istifadə olunan "Alpha (α)" seriyalı prosessorlar görüntünün keyfiyyətinin artırılması və səs-küyün azaldılmasında yüksək nəticə göstərir.
"Samsung"un "NQ" seriyalı prosessorları HDR məzmununun emalı, parlaqlığın artırılması və oyun imkanlarının yaxşılaşdırılması üçün optimallaşdırılıb.
"Sony" isə təbii rəng ötürülməsi və inkişaf etmiş görüntü emalı üçün öz xüsusi prosessorlarından istifadə edir.
Televizor seçərkən sizin üçün hansı xüsusiyyətin daha vacib olduğunu nəzərə almaq tövsiyə olunur: görüntü keyfiyyəti, oyun performansı, interfeysin sürəti və ya aşağı keyfiyyətli videonun yaxşılaşdırılması.
Prosessorun gücünü satın almadan əvvəl də yoxlamaq mümkündür. Bunun üçün televizorun menyusunu açmaq, "YouTube" və ya digər tətbiqləri işə salmaq və interfeysin reaksiyasını qiymətləndirmək kifayətdir. Menyular gec açılırsa, tətbiqlər ləng yüklənirsə və ya tapşırıqlar arasında keçid zamanı donmalar baş verirsə, bu, prosessorun zəif olmasına işarə edə bilər.
Mütəxəssislər həmçinin alışdan əvvəl peşəkar icmalları və istifadəçi rəylərini oxumağı məsləhət görürlər. Xüsusilə aşağı keyfiyyətli videonun yüksək təsvir ölçüsünə uyğunlaşdırılması (upscaling) imkanları prosessorun real performansını qiymətləndirmək üçün vacib göstəricilərdən hesab olunur.
Samir


