Türkiyə serialları dünyanın hər yerində maraqla izlənilir.
Üstəlik, Türkiyə dünyanın ən çox serial ixrac edən ikinci ölkəsidir. Qardaş ölkə sadəcə serialı satmaqla kifayətlənmir, onu turizm aləti kimi də istifadə edir. Belə ki, türk seriallarının hər biri fərqli bölgələrdə çəkilir. Bu isə dünyanın müxtəlif yerlərindən həmin ekran işini izləyən insanların marağına səbəb olur.
Nəticədə, əvvəlcə layihənin çəkildiyi bölgəni araşdırırlar, daha sonra da həmin yerə səyahət edirlər. Hətta səyahət zamanı serialların çəkiliş meydançalarına belə gedirlər. Buna çox sayda nümunə vermək olar, ancaq son illərdə turizmə böyük töhfə verən “Uzak Şehir” serialından bəhs edə bilərik.
Məhz bu serial sayəsində dünyanın müxtəlif ölkələrindən olan turistlər Mardinə axın edirlər. Yəni bir serialın turizmə təsiri olduqca böyükdür. Azərbaycanda isə serialların bu gücündən heç daxili turizmi yüksəltmək üçün belə istifadə olunmur...
Xpress.az saytının təsisçisi, sənətşünas Xəyalə Rəis Hit.az-a açıqlamasında bildirib ki, serial sadəcə serial deyil, o, həm də turizm reklamıdır:
“Türkiyə serialların gücünü çoxdan anlayıb. Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın izlədiyi bir serialda İstanbulun küçələri, Kapadokya, sahil bölgələri və tarixi məkanlar görünür. Bir müddət sonra həmin yerlər sadəcə ekran görüntüsü olmur, turistlərin getmək istədiyi ünvanlara çevrilir.
Üstəlik, Türkiyə dövlətinin bu məsələyə yanaşması da fərqlidir. Mədəniyyət və Turizm Nazirliyi kino və serial istehsalını müxtəlif dəstək mexanizmləri ilə stimullaşdırır. Xarici istehsalçılara Türkiyədə çəkiliş üçün müəyyən xərclərin 30 faizədək hissəsinin geri qaytarılması kimi təşviqlər tətbiq olunur. Xaricə satılan türk seriallarına dəstək verilərkən isə ölkənin tanıdılmasına və turizmə töhfə də qiymətləndirmə meyarlarından biridir”.
Ekspert qeyd edib ki, Türkiyə seriala yalnız “televiziya məhsulu” kimi baxmır:
“Serialı mədəniyyət, reklam, ölkə brendi və turizm aləti kimi görür. Azərbaycanın da ekran qarşısında göstərə biləcəyi kifayət qədər gözəl məkanları var. Şəki, Qəbələ, Lahıc, Basqal, Lənkəran, Lerik, Quba, Qusar, Naxçıvan, Qarabağ və digər bölgələrimiz böyük vizual potensiala malikdir. Amma bu məkanların bir çoxu hələ də sistemli şəkildə kino və serial vasitəsilə dünyaya təqdim olunmur.
Halbuki bir serialda hansısa rayonun küçəsi, kəndi, tarixi evi, dağ mənzərəsi və ya sahil xətti davamlı şəkildə göstərilsə, həmin yerin tanınmasına ciddi təsir edə bilər. Niyə Azərbaycanda çəkilən və ölkənin bölgələrini, mədəniyyətini, tarixini təbliğ edən ekran əsərlərinə dövlət tərəfindən əlavə dəstək mexanizmi yaradılmasın? Əgər bir seriala dövlət tərəfindən verilən güzəşt nəticəsində həmin serial milyonlarla insanın diqqətini Azərbaycanın hansısa bölgəsinə yönəldirsə, bu, əslində turizmə qoyulan investisiyadır”.
Xəyalə Rəis vurğulayıb ki, bu gün turist yalnız bukletə baxıb səyahət qərarı vermir:
“İnsanlar gördükləri, hiss etdikləri, hekayəsini izlədikləri yerlərə getmək istəyirlər. Ona görə də Azərbaycanda kino siyasəti ilə turizm siyasətinin daha sıx əlaqələndirilməsinə ehtiyac var. Bəlkə də Azərbaycanda yeni turizm strategiyasının bir hissəsi məhz “ekran turizmi” olmalıdır. Çünki bəzən bir serialın yaratdığı maraq üçün milyonlarla manatlıq reklam kampaniyasından daha güclü vasitə lazım deyil, sadəcə düzgün çəkilmiş bir hekayə və həmin hekayənin içində görünən Azərbaycan kifayətdir”.
Elmir Mustafa



