Ukrayna təzyiqi artırır: Rusiya üçün qış daha ağır keçə bilər

DÜNYA
15:56 / 10.09.2026
48

Ukrayna müharibəni Rusiya ərazisinin dərinliklərinə daşımaqla Kremlə iqtisadi və siyasi təzyiqi artırmağa çalışır. 

HİT.az “Politico”ya istinadən xəbər verir ki, Kiyevin əsas məqsədi müharibənin Rusiya üçün yaratdığı xərcləri Moskvanın Ukraynaya vurduğu zərərdən daha sürətlə artırmaq və bununla Vladimir Putini danışıqlara məcbur etməkdir.

Nəşrin məlumatına görə, avqust ayında Ukrayna Rusiyaya qarşı müharibənin əvvəlindən bəri ən genişmiqyaslı hücum seriyalarından birini həyata keçirib. Zərbələr arasında “Wildberries” və “Ozon” kimi iri onlayn ticarət şirkətlərinin obyektləri də olub. “Politico”nun yazdığına görə, hücumların nəticələri artıq Rusiyanın sıravi vətəndaşları üçün də daha nəzərəçarpan olur.

Bununla belə, ekspertlər hesab edirlər ki, indiki mərhələdə bu hücumların Putinin hakimiyyəti üçün ciddi təhlükə yaratdığına dair inandırıcı əlamətlər yoxdur. Rusiyada mümkün çevriliş və kütləvi etirazlarla bağlı proqnozlar müharibənin ilk günlərindən səslənsə də, Kreml ölkə daxilində nəzarəti qoruyub saxlayır.

Keçmiş NATO əməkdaşı Con Lou bildirib ki, Ukraynanın hücumları Rusiyanın iqtisadiyyatından əlavə, Kremlə siyasi və reputasiya baxımından da zərər vura bilər. Onun fikrincə, Rusiya elitasının bir hissəsi müharibənin əvvəllər hakimiyyət tərəfindən vəd edilən şərtlərlə qələbə ilə başa çatmasının mümkün olmadığını getdikcə daha aydın görür.

Ekspert eyni zamanda yaxın gələcəkdə Rusiyada inqilab və ya dövlət çevrilişi gözləmədiyini vurğulayıb. Lakin yanacaqla bağlı problemlər davam edərsə və sənaye ilə logistika obyektlərinə hücumların sayı artarsa, Rusiya cəmiyyətində müharibənin nə qədər davam edəcəyi və onun səbəbləri ilə bağlı sualların çoxala biləcəyi bildirilir.

Kiyev bununla yanaşı, Rusiyanın aviasiya infrastrukturuna qarşı təzyiqi də artırmaq niyyətindədir. Ukrayna xarici aviaşirkətlərə Rusiya üzərində uçuşlar zamanı artan riskləri nəzərə almağı tövsiyə edib.

“Politico” qeyd edir ki, Ukraynanın özü də qarşıdakı qışla bağlı ciddi problemlərlə üzləşə bilər. Əsas risklərdən biri Rusiyanın, xüsusilə ballistik silahlardan istifadə etməklə, Ukrayna ərazisinə hava hücumlarını gücləndirməsidir. Buna görə Kiyev həm Rusiyanın hərbi və iqtisadi infrastrukturuna zərər vurmalı, həm də öz enerji və müdafiə sistemlərinin qış boyunca dayanıqlığını təmin etməlidir.

Ukrayna bu il Rusiya ərazisində neft emalı zavodları, aerodromlar, yanacaq və hərbi infrastruktura qarşı hücumları intensivləşdirib. Zərbələrin məsafəsi də artıb. Məlumata görə, Ukrayna qüvvələri cəbhə xəttindən təxminən 1300 kilometr məsafədə yerləşən Başqırdıstandakı neft emalı zavodunu, həmçinin Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqda yerləşən Yaroslavl vilayətindəki obyektləri hədəfə alıb.

Beləliklə, Kiyev qarşıdakı qışda Rusiyaya qarşı uzaqmənzilli hücumları artırmaqla Moskvanın müharibənin iqtisadi və siyasi yükünü daha çox hiss etməsinə nail olmağa çalışır.

Samir

0