“Mən heç nəyə yaramıram” – insanı bu düşüncəyə gətirən nədir?

SOSİAL
16:10 / 10.09.2026
126

Bəzən insanın həyatında elə mərhələ yaranır ki, ətrafında insanlar olsa da, özünü tək və heç kimə lazım olmayan biri kimi hiss edir. 

“Mən heç nəyə yaramıram”, “Məndən heç nə olmaz”, “Mənim varlığımın heç kimə faydası yoxdur” kimi düşüncələr ilk baxışda sadəcə ümidsizlik ifadəsi kimi görünür. Lakin bu fikirlər uzun müddət davam etdikdə insanın özünə münasibətini, həyata baxışını və gələcəklə bağlı ümidlərini ciddi şəkildə dəyişə bilər.

Maraqlıdır, insanı bu nöqtəyə gətirən səbəblər nədir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, insan bəzən özünü cəmiyyətin içində olduğu halda belə kənarda hiss edə bilər: 


“İşləyir, ailəlidir, ətrafında insanlar var, amma bütün bunlara baxmayaraq daxilində “Mən kimə və nəyə lazıyam?” sualı yaranır. Bu hiss hər zaman insanın öz xarakterindən qaynaqlanmır. Bəzən insanın özünə verdiyi qiymət onun ətrafından eşitdiyi münasibətin nəticəsinə çevrilir.

Bununla yanaşı, insanın davamlı olaraq başqaları ilə müqayisə edilməsi də bu hissi gücləndirir. Cəmiyyət uğuru çox vaxt maddi imkan, vəzifə, görünüş, sosial status və əldə olunan nəticələrlə ölçəndə, bu meyarlara uyğun gəlmədiyini düşünən şəxs özünü uğursuz hesab edə bilər. Halbuki insanın cəmiyyətə verdiyi töhfə hər zaman görünən və ölçülə bilən formada olmur”.

Ekspert qeyd edib ki, insanın fikirlərinin və əməyinin uzun müddət qiymətləndirilməməsi də onun sosial özünəinamına təsir göstərir: 
“Bir insan daim “səndən heç nə olmaz”, “başqaları səndən daha bacarıqlıdır” və ya “sən bunu da bacarmadın” kimi münasibətlə qarşılaşırsa, müəyyən müddətdən sonra həmin sözləri ətrafındakı insanların fikri kimi deyil, özü haqqında həqiqət kimi qəbul etməyə başlaya bilər. 

Xüsusilə həyatında ciddi dəyişiklik yaşayan, işini itirən, münasibəti bitən, sosial çevrəsindən uzaqlaşan və ya uzun müddət uğursuzluq yaşayan insanlarda “mən artıq əvvəlki kimi lazım deyiləm” düşüncəsi yarana bilər. Əslində isə insanın dəyəri onun hansı mərhələdə olmasından asılı deyil”.

Sosioloqun sözlərinə görə, işsiz qalmaq insanı bacarıqsız, müəyyən uğursuzluq yaşamaq yararsız, maddi çətinlik içində olmaq isə dəyərsiz etmir:
“Cəmiyyətin ən böyük problemlərindən biri insanı yalnız nəticələrinə görə qiymətləndirməkdir. Bu baxımdan insanın özünü yenidən faydalı hiss etməsi üçün ona sadəcə “özünə inan” demək kifayət etmir. Onun real şəkildə iştirak edə biləcəyi sosial mühit yaratmaq, bacarığını göstərə biləcəyi imkan vermək, fikirlərini dinləmək və əməyinin nəticəsini görməsinə şərait yaratmaq lazımdır”. 

Sevinc

0